Mütəxəssislər xəbərdarlıq edirlər ki, artan temperatur təkcə insanları narahat etmir, həm də onların fiziki aktivliyini azaldaraq uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalara görə, isti hava şəraitində gəzinti, velosiped sürmək, açıq havada idman etmək və hətta piyada işə gedib-gəlmək daha çətin və yorucu olur. Bu səbəbdən bir çox insan fiziki fəaliyyətdən imtina edir.
Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi nəticəsində temperaturun yüksəlməsi insanların hərəkətliliyini azalda bilər. Bunun isə gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açacağı bildirilir. Tədqiqat müəlliflərinin hesablamalarına əsasən, fiziki aktivliyin azalması 2050-ci ilə qədər hər il 470 mindən 700 minədək vaxtından əvvəl ölüm halına səbəb ola bilər.
Mövzu xüsusilə idmançılar üçün də aktuallığını qoruyur. ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il futbol üzrə dünya çempionatında oyunçuların isti hava şəraitində daha yaxşı qorunması məqsədilə hər hissənin 22-ci dəqiqəsində əlavə su fasilələri tətbiq olunur.
Mütəxəssislər isti havalarda idman edənlərə günün daha sərin saatlarını seçməyi, bol maye qəbul etməyi, yüngül geyimlərdən istifadə etməyi və özlərini həddindən artıq yormamağı tövsiyə edirlər. Onların fikrincə, düzgün tədbirlər görüldükdə yüksək temperatur şəraitində də fiziki aktivliyi qorumaq mümkündür.






