Ağız daxilində yaranan kiçik aftlar ilk baxışda ciddi görünməsə də, yemək yeməyi, su içməyi və hətta danışmağı çətinləşdirərək insanın həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislər xüsusilə tez-tez təkrarlanan və ya uzun müddət sağalmayan ağız yaralarının diqqətdən kənarda qalmamalı olduğunu bildirirlər.
QHT.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, aftlar adətən ağız boşluğunda ağ və ya sarı rəngli, ətrafı qızarmış, ağrılı yaralar şəklində meydana çıxır. Onların yaranmasına genetik meyillilik, immun sisteminin fəaliyyəti və müxtəlif xarici amillər təsir göstərə bilər. Ağız boşluğunu zədələyən sərt qidalar, dəmir, B12 vitamini və fol turşusu çatışmazlığı, hormonal dəyişikliklər, bəzi diş məcunları və immun sistemi xəstəlikləri aftın yaranma səbəbləri arasında göstərilir. Bəzi insanlarda isə şokolad, pomidor, sitrus meyvələri, ədviyyatlı qidalar və çərəzlər aftların artmasına səbəb ola bilər.
Aftlar yoluxucu xəstəlik hesab edilmir və insandan-insana keçmir. Kiçik aftların sağalma müddəti adətən 7–14 gün arasında dəyişir. Bu dövrdə çox isti, turşulu və ədviyyatlı qidalardan uzaq durmaq tövsiyə olunur. Ağrının azaldılması və sağalmanın sürətləndirilməsi üçün duzlu-karbonatlı qarqaralar, antiseptik ağız yaxalayıcıları və yerli təsirli preparatlardan istifadə edilə bilər.
Həkimlər bildirirlər ki, təkrarlanan aftlar bəzən vitamin çatışmazlığı və ya daha ciddi sistem xəstəliklərinin əlaməti ola bilər. Xüsusilə, Behçet xəstəliyi, çölyak xəstəliyi, Kron xəstəliyi və bəzi immun sistem pozğunluqları aftların yaranmasına səbəb ola bilir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər ağız yaraları tez-tez təkrarlanırsa, 2–3 həftədən çox sağalmırsa, dərin və böyük ölçüdədirsə və ya hərarət, halsızlıq, səbəbsiz çəki itkisi kimi əlamətlərlə müşayiət olunursa, mütləq dermatoloqa müraciət edilməlidir. Həmçinin aftlarla yanaşı göz problemləri, dəri səpgiləri və ya cinsiyyət nahiyəsində yaraların yaranması da ciddi araşdırma tələb edən əlamətlər hesab olunur.
Piranə Xasiyeva






