Güc məşqləri yalnız əzələ kütləsini artırmaq və ya estetik görünüş əldə etmək üçün edilən fəaliyyət kimi qəbul olunsa da, yeni araşdırma onların xarici görünüşdən kənarda da mühüm faydalar verdiyini ortaya qoyub. Tədqiqat göstərir ki, idmana saatlarla vaxt ayırmadan belə, güc məşqləri ömrün uzanmasına kömək edə bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, ABŞ-də təxminən 150 min tibb bacısı və səhiyyə işçisinin 30 il ərzində izlənildiyi üç böyük tədqiqatın məlumatlarına əsaslanan araşdırmada iştirakçılar hər iki ildən bir güc məşqlərinə, eləcə də gəzinti, velosiped sürmə və üzgüçülük kimi aerobik fəaliyyətlərə nə qədər vaxt ayırdıqlarını bildiriblər.
Üç onillik ərzində təxminən 36 min iştirakçının vəfat etməsi alimlərə əzələ gücləndirən fəaliyyətlərin erkən ölüm riski üzərindəki təsirlərini qiymətləndirmək imkanı verib.
Əldə olunan nəticələrə görə, həftədə təxminən 90-120 dəqiqə (1,5-2 saat) güc məşqi edən şəxslərdə erkən ölüm riski heç məşq etməyənlərlə müqayisədə 13 faiz daha aşağı olub.
Ağırlıq məşqlərinin faydası xüsusilə iki əsas ölüm səbəbi üzrə özünü göstərib. Belə ki, ürək-damar xəstəliklərindən ölüm riski 19 faiz, demans da daxil olmaqla nevroloji xəstəliklərdən ölüm riski isə 27 faiz azalıb.
Araşdırma göstərib ki, həftəlik məşq müddətinin iki saatdan çox olması əlavə üstünlük yaratmır. Yəni daha çox məşq etmək hər zaman daha yaxşı nəticə vermir.
Aerobik məşqlərlə birlikdə ölüm riski 45 faiz azalır
Tədqiqat zamanı ən aşağı ölüm riski güc məşqlərini müntəzəm aerobik fəaliyyətlərlə – gəzinti, qaçış, velosiped sürmə və üzgüçülüklə birləşdirən şəxslərdə müşahidə olunub.
Həftədə 150 dəqiqə orta intensivlikli aerobik fəaliyyət təkbaşına erkən ölüm riskini 26-43 faiz azalda bilir.
Lakin bu fəaliyyətə həftədə 1-2 saatlıq güc məşqi əlavə edildikdə erkən ölüm riskinin 45 faizədək azaldığı müəyyən edilib. Nəticələr göstərir ki, bu iki məşq növü bir-birini tamamlayır və birlikdə daha effektiv təsir göstərir.
Ümumi mənzərənin yeganə istisnası xərçəngdən ölüm hallarında müşahidə olunub. Belə ki, xərçəng riskinin azalması yalnız həftədə bir saatdan az davam edən güc məşqləri ilə əlaqələndirilib.
Əzələ toxuması bədənin idarəetmə mərkəzi kimi fəaliyyət göstərir
Müqavimət məşqləri nəticəsində formalaşan skelet əzələləri orqanizmin metabolik baxımdan ən aktiv toxumalarından hesab olunur. Yeməkdən sonra qandakı qlükozanın təxminən 80 faizi əzələlər tərəfindən mənimsənilərək enerjiyə çevrilir və ya qlikogen şəklində ehtiyat kimi saxlanılır.
Əzələlərin güclü olması qanda şəkərin tənzimlənməsinə kömək edir və ürək-damar xəstəlikləri ilə erkən ölümün əsas risk faktorlarından olan 2-ci tip diabetdən qorunmağa yardım göstərir.
Əzələlər yığıldıqda qana "miyokin" adlanan, hormonlara bənzər siqnal maddələri ifraz olunur. Bu maddələr ürək xəstəlikləri, diabet və bir çox xərçəng növünün əsasını təşkil edən xroniki iltihabi proseslərin azalmasına kömək edir.
Miyokinlər həmçinin əzələlərin qaraciyər, piy toxuması, qan damarları, sümüklər və beyinlə əlaqə yaratmasına imkan verir. Bu isə həmin orqanların sağlamlığının qorunmasına dəstək olur.
Müntəzəm güc məşqləri zamanla qan təzyiqinin azalmasına və damarların elastikliyinin qorunmasına kömək edir. Qan şəkərinin daha yaxşı tənzimlənməsi və sağlam damar sistemi beyin sağlamlığını dəstəklədiyindən, demansdan ölüm riskində müşahidə olunan 27 faizlik azalma da bununla izah edilir.
Araşdırma müəllifləri bildirirlər ki, bu tədqiqat müşahidə xarakterli olduğundan güc məşqləri ilə uzun ömür arasında birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etmir. Bununla belə, əldə olunan nəticələr iki amil arasında çox güclü əlaqənin olduğunu göstərir.
Mütəxəssislər ümumi sağlamlığın və həyat müddətinin yaxşılaşdırılması üçün böyük əzələ qruplarını işlədən həftədə iki qısa güc məşqi və gündəlik aerobik fəaliyyətlərin əlçatan və effektiv hədəf olduğunu vurğulayırlar.
Piranə Xasiyeva






