Masallıda “Sağlam məhəllə” idman zonası açılıb

 

İyunun 24-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Masallı şəhərində “Sağlam məhəllə” idman zonasının açılış mərasimi keçirilib.
Masallı şəhəri, Qarabağ küçəsi 10 ünvanında yaradılan idman məkanının açılışında gənclər və idman naziri Fərid Qayıbov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, idmançılar, məşqçilər və şəhər sakinləri iştirak ediblər.
Tədbir zamanı sakinlərlə görüş keçirilib, yeni idman infrastrukturunun gənclərin sağlam həyat tərzinə təşviqində və kütləvi idmanın inkişafında əhəmiyyəti vurğulanıb.
“Sağlam məhəllə” çərçivəsində yaradılan zonada mini-futbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, eləcə də müxtəlif yaş qrupları üçün müasir idman avadanlıqları quraşdırılıb. Layihənin sakinlərin asudə vaxtının səmərəli təşkili və fiziki fəallığının artırılmasına töhfə verəcəyi bildirilib.
Qeyd edək ki, Masallıda istifadəyə verilən bu idman məkanı Lənkəran-Astara iqtisadi rayonunda yaradılan ikinci “Sağlam məhəllə” idman zonasıdır.

 

Akif AĞAYEV