“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi “Təhsilalanların sosial rifah mühitinin yaxşılaşdırılması vasitəsilə ictimai-sosial fəallığının artırılması” layihəsinin icrasına başlayıb.
Birlikdən QHT.az-a verilən məlumata görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihənin hədəf ərazisi Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən M. Mehdiyev adına 280 saylı tam orta məktəb və Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəb nəzərdə tutulub.
Həmin orta məktəblərdə ümumi maraqları, çətinlikləri və məqsədləri uyğun gələn təhsilalanların və onların qruplarının öz problemlərini müəyyənləşdirə və prioritetləşdirə bilən qruplar səviyyəsində inkişaf etdirilməsini nəzərdə tutur. Qruplar iqtisadi, məşğulluq, incəsənət, yaradıcılıq, mədəni, idman, ekoloji sağlamlıq və digər “ortaq” maraqlar əsasında formalaşdırılacaq, mövcud problemlər və arzuları ətrafında səfərbər edilərək müvafiq bilik və bacarıqlara yiyələnəcəklər. Qruplar öz problemlərini müəyyən etmək, prioritetləşdirmək, problemlərin həlli üçün daxili resursları səfərbər etmək, könüllülük əsasında problemləri öz imkanları ilə həll etmək, problemi müvafiq dövlət orqanları qarşısında qaldırmaq, QHT, yerli assosiasiyalar və biznesi cəlb etməklə qrupların inkişaf etdirilməsinə nail olunması nəzərdə tutulur.
Layihədə nəzərdə tutulan vəzifələr ümumi maraqlar ətrafında tələbə qruplarının müəyyənləşdirilməsi, qrupların problemlərinin həlli ətrafında şəbəkələşməsi və bacarıqlarının artırılmasıdır. “Film Yaradıcıları və Fotoqrafiya”, “İncəsənət və Mədəniyyət”, “Ədəbiyyat və Poeziya”, “Eko klubu”, “Musiqi və Dram (teatr)” və s. adlı ən az 4 qrupun yaradılması nəzərdə tutulur. Hər birində 10-12 nəfər üzv olmaqla sahəvi, “Qrupun formalaşması və inkişafı”, “Tədbirlərin təşkili” adlı 2 mövzuda təlimlərə cəlb olunmaqla isə “həyati” - cəmiyyətdə davranış və təqdimat bacarıqlarını artıracaqlar.
Layihənin əsas hədəf qrupu Elm və Təhsil Nazirliyinin müəllim- valideyn- icma münasibətlərinin formalaşdırılması üçün müəyyənləşdirdiyi pilot məktəblər və ya Nazirlik ilə razılaşdırılmış ən azı 2 məktəb və bu məktəblərin yerləşdiyi icmalar nəzərdə tutulur. Layihədən faydalananlar isə həmin məktəblərin şagirdləri, müəllim kollektivi və valideynlər olacaqdır.
Layihə çərçivəsində Elm və Təhsil Nazirliyi yanında İctimai Şura və Bakı şəhər Təhsil İdarəsi ilə əməkdaşlıq nəzərdə tutulur. Layihə 4 ay müddətində, avqustun 1-dən noyabrın 30-na kimi icra olunacaqdır.
Pərvanə Fərhadqızı












