Yaş artdıqca, xüsusilə də menopauza dövründə qadınlarda sümük sıxlığının azalması və osteoporoz riski yüksəlir. Araşdırmalar göstərir ki, 60 yaşdan yuxarı insanlarda bud-çanaq sınığı keçirənlərin təxminən 30 faizi ilk bir il ərzində həyatını itirir. Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma sümüklərin möhkəm qalmasında mühüm rol oynayır.

Süd məhsulları

Kalsium, D vitamini və zülal sümük sağlamlığının əsas dayaqları hesab olunur. Bundan əlavə, K vitamini, maqnezium, sink və fosfor da sümüklərin və əzələlərin sağlamlığını qorumağa kömək edir. Süd məhsulları kalsiumla zəngindir. Təxminən 200 millilitr südün tərkibində 260 milliqram kalsium var.

7 195 yaşlı insanın iştirakı ilə aparılan araşdırmada iki il ərzində daha çox süd məhsulu və zülal qəbul edən qrupda yıxılma riski 11 faiz, bud-çanaq sınığı riski isə 46 faiz az olub.

Soya məhsulları

Soya məhsulları da kalsium baxımından zəngin qidalar sırasındadır. 100 qram tofu təxminən 200 milliqram kalsium ehtiva edir. Soya tərkibində estrogenə bənzər təsir göstərən izoflavonlar daşıyır. Tədqiqatlar menopauzadan sonrakı dövrdə soya qəbul edən qadınlarda sümük sıxlığının daha yüksək olduğunu göstərir.

Çia toxumu

Çia toxumu kalsium, maqnezium və fosforun yaxşı mənbəyidir. Cəmi bir xörək qaşığı çia toxumunda təxminən 95 milliqram kalsium var. Az miqdarda istifadə olunsa belə, orqanizmi faydalı minerallarla təmin edir.

Qurudulmuş meyvələr

Quru əncir və quru ərik kalsiumla zəngin qidalardır. İki ədəd quru əncir təxminən 100 milliqram kalsium ehtiva edir. Bu meyvələrdə olan maqnezium sümük toxumasının formalaşmasını və mineral balansının qorunmasını dəstəkləyir.

Konservləşdirilmiş balıq

Xüsusilə konservləşdirilmiş sardina sümüklər üçün faydalı qidalar sırasında yer alır. Təxminən 60 qramlıq bir konserv sardina gündəlik kalsium ehtiyacının 30 faizini qarşılayır və təxminən 240 milliqram kalsium təmin edir.