“Hər şeyi dünənki kimi xatırlayıram, amma artıq heç nə hiss etmirəm”. Ayrılıq və ya ağır emosional hadisələrdən sonra tez-tez səslənən bu ifadənin elmi izahı var. Mütəxəssislər bildirirlər ki, beynin “sinaptik budama” adlanan təbii prosesi emosional yükü zamanla azaldaraq beynin daha səmərəli işləməsinə kömək edir.

QHT.az xarici mediaya istinadən bildirir ki, Neyrologiya Assosiasiyasının təsisçi prezidenti, beyin və sinir cərrahı professor Dr. Sait Öztürkün sözlərinə görə, sinaptik budama zamanı beyin istifadə olunmayan və ya artıq əhəmiyyət daşımayan sinir əlaqələrini zəiflədir və ya aradan qaldırır. Bu proses lazımsız məlumatların, köhnə xatirələrin və emosional cəhətdən yüklü hadisələrin təsirini azaltmağa kömək edir.

Mütəxəssis vurğulayır ki, bu mexanizm sağlam beyin inkişafı və idrak funksiyalarının qorunması üçün vacibdir. Sinaptik budama sayəsində beyin daha vacib məlumatlara fokuslanır, öyrənmə və yaddaş prosesləri daha səmərəli həyata keçirilir.

Professorun sözlərinə görə, ağrılı xatirələrin emosional təsirinin zamanla zəifləməsi bir çox hallarda beynin təbii uyğunlaşma mexanizminin nəticəsidir. Bu səbəbdən insanlar yaşadıqları hadisələri xatırlasalar da, əvvəlki qədər güclü emosiyalar hiss etməyə bilərlər.

Mütəxəssislər qeyd edirlər ki, sağlam həyat tərzi, keyfiyyətli yuxu, fiziki aktivlik və stressin idarə olunması beynin bu təbii prosesini dəstəkləyən əsas amillər sırasındadır.