"Son illər dünyanın bir çox ölkələrində fəaliyyət göstərən araşdırma mərkəzləri planetimizin problemlərini öyrənərkən ekoloji məsələləri önə çəkmişlər. 30-40 il öncə Yer kürəsini təhdid altında saxlayan nüvə müharibələri ehtimalı artıq öz yerini ekoloji problemlərə verərək ikinci sıraya enmişdir.

İnsanlarla danışmaq, anlaşmaq mümkün olsa da, təbiətlə bunları etmək mümkünsüzdür. İnsan övladına öz təbii sərvətlərini təmənnasız verən təbiət, yalnız ona qayğı və diqqətlə yanaşmağı sanki dilə gəlib tələb edir. Təbiətin qanunsuz istismarı göyə atılan daşa bənzəyir, gec-tez bu laqeydliyin əzabını da onu edənlər çəkirlər. Bəli, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunması, müharibələrin yaratdığı qorxunc fəsadlar çox təhlükəlidir.

Rusiya-Ukrayna müharibəsi beşinci ilinə yaxınlaşmaqdadır. Qarşılıqlı döyüşlərdə 200-dən artıq yanacaq infrastrukturunun partladılması nəticəsində atmosferə atılan emissiyalar tək region üçün deyil, planetimizin atmosferinə də ciddi zərər vurmaqdadır.

Müharibələr və silahlı münaqişələr ekosistemlərə, torpağa, suya və atmosferə sağalmaz yaralar vurub və vurmaqda davam edir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, atmosferdə karbon qazının miqdarının çox olması, havanın temperaturunun artması ehtimalı, antropogen aerozolların, bəzi kimyəvi maddələrin atmosfer dövranına daxil olması antropogen, yəni insan fəaliyyəti nəticəsində baş verir. Atmosferdə tərkibi müxtəlif qazlardan ibarət olan smoqların əmələ gəlməsində, dırnaq arası, “müəllif” insanlardır. Atmosferin qaz tərkibində karbon qazı miqdarının çoxalması (0,3-dən 0,5 faizə qədəri) yol verilən həddir. Məsəl üçün, atmosferdə karbon qazının miqdarının 0,7 faiz olması bitkilər, ümumilikdə isə canlılar aləmi üçün yol verilməz hədd sayılır. Rusiya-Ukrayna müharibəsində neft və ya yanacaq istehsal edən zavodların partladılması nəticəsində atmosfer havasına və təbiətə ciddi zərər dəyir.

Neft karbohidrogenlərin mürəkkəb qarışığından ibarət olan bir təbii sərvətdir. Onun tərkibində 84-87 faiz karbon, 11-15 faiz hidrogen, həmçinin 1-4 faiz oksigen, kükürd, azot birləşmələri və aromatik karbohidrogenlər var. Neftin tərkibinə dəmir, nikkel, mis, üstəgəl vanadium metallarını da əlavə etmək olar. Neft özü radioaktiv maddə sayılmasa da, karbohidrogenlərdən ibarət mürəkkəb təbii üzvi birləşmələr qarışığıdır. Lakin bir haşiyəyə çıxmaq istərdik ki, neft istismar olunan yataqlarda radium qazının olması neftin radioaktiv təsirə malik olmasını istisna etmir. Çünki radium qazı özü uranın parçalanması zamanı əmələ gəlir.

Neftin tərkibində civənin olması dediklərimizi təsdiq edir. Gəldiyimiz qənaət ondan ibarətdir ki, bu gün Rusiya-Ukrayna müharibəsində yanacaq infrastrukturunun partladılması böyük bir regionu radioaktiv çirklənməyə məruz qoyur. Bu müharibə ekosistemlərə, torpağa, suya və atmosferə sağalmaz yaralar vurur. Yalnız işğalçılıq niyyəti ilə aparılan, ibtidai insan təfəkkürünün məhsuluna bənzər Rusiya-Ukrayna müharibəsinin acı nəticələri tək təbiətə, flora və faunaya deyil, insanlara da maddi və mənəvi zərərin vuracağı təəssüf ki, qaçılmazdır…

Müdriklərimizin dediyi bir kəlam, zənnimcə, bu gün çox aktual səslənməlidir:

Dünyanın bütün müharibələri, bir körpənin göz yaşlarına dəyməz!"

«Mühit» Ekoloji Mühafizə İctimai Birliyinin sədri Əzizağa Hünbətəliyev