Xalq arasında “maşın tutması” kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, soyuq tər və hətta qusmaya səbəb ola bilər. Mütəxəssislərin sözlərinə görə, bu narahatlığın qarşısını almaq üçün bəzi sadə tədbirlər kifayət edə bilər.

QHT.az xəbər verir ki, bəzi insanlar uzun yol boyu rahatlıqla kitab oxuya, telefondan istifadə edə və heç bir narahatlıq hiss etməyə bilirlər. Digərləri isə yolun ilk dəqiqələrindən etibarən ürəkbulanma, başgicəllənmə və halsızlıq yaşayırlar. Tibb dilində “hərəkət xəstəliyi” (motion sickness) adlandırılan bu vəziyyət, beynin bədənin hərəkətini qəbul etmə üsulu ilə əlaqədardır.

Mütəxəssislərin izahına görə, insanın hərəkəti hiss etməsində gözlər, daxili qulaq və digər tarazlıq sistemləri birlikdə işləyir. Bu sistemlərdən beyinə gələn siqnallar arasında uyğunsuzluq yarandıqda hərəkət xəstəliyinin əlamətləri ortaya çıxır. Nəticədə ürəkbulanma, qusma, baş ağrısı, başgicəllənmə və soyuq tərləmə müşahidə oluna bilər.

Hərəkət xəstəliyi avtomobil, avtobus, qatar, gəmi və təyyarə kimi bütün nəqliyyat vasitələrində yarana bilər. Adətən 5–6 yaşlarından etibarən özünü göstərir, yeniyetməlik dövründə zəifləsə də, bəzi insanlarda uzun illər davam edir. Araşdırmalara görə, qadınlarda bu problem kişilərlə müqayisədə daha çox rast gəlinir. Həmçinin tarazlıq sistemi ilə bağlı xəstəlikləri olan şəxslər və bəzi həssas insanlar daha yüksək risk qrupuna daxildir.

Mütəxəssislər səyahət zamanı narahatlığın azalması üçün avtomobilin hərəkətin daha az hiss olunduğu ön və ya orta hissəsində əyləşməyi tövsiyə edirlər. Güclü qoxulardan, yüksək səsdən və artıq titrəyişdən uzaq durmaq da faydalıdır. Bundan əlavə, yola çıxmazdan əvvəl nə ac, nə də çox yağlı yemək qəbul etmək məsləhət görülür.

Bütün bu tədbirlərə baxmayaraq narahatlıq davam edərsə, mütəxəssislər bununla mübarizədə orqanizmin tədricən uyğunlaşmasının vacibliyini vurğulayırlar. Daim səyahətdən qaçmaq əvəzinə, uyğun şəraitdə və ehtiyat tədbirləri ilə yolçuluğa davam etmək zamanla əlamətlərin azalmasına kömək edə bilər. Xüsusilə pilotlar, dənizçilər və tez-tez səfər edən şəxslərdə problem ciddi narahatlıq yaradırsa, həkim məsləhəti ilə dərman müalicəsi də tətbiq oluna bilər.