ABŞ-nin Cedars-Sinai Tibb Mərkəzinin alimləri tərəfindən aparılan genişmiqyaslı araşdırma göstərib ki, müntəzəm qəhvə istehlakı qaraciyər sirrozu, qaraciyər xərçəngi və qaraciyərlə əlaqəli ölüm riskinin azalması ilə əlaqələndirilir. Tədqiqat çərçivəsində 355 minə yaxın insanın sağlamlıq göstəriciləri 13 il ərzində izlənilib.
QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırmanın nəticələrinə görə, gündə beş və ya daha çox fincan qəhvə içən şəxslərdə qəhvə içməyənlərlə müqayisədə qaraciyər sirrozu riski 32%, qaraciyər xərçəngi riski 47%, qaraciyərlə əlaqəli ölüm riski isə 42% daha aşağı olub. MRT müayinələri həmçinin qəhvə içən insanlarda qaraciyərdə yağlanma və iltihabın daha az olduğunu göstərib.
Bununla belə, tədqiqat müəllifləri vurğulayırlar ki, bu nəticələr qəhvənin xəstəliklərin qarşısını aldığı anlamına gəlmir. Onların sözlərinə görə, qaraciyər sağlamlığını qorumaq üçün sağlam çəki saxlamaq, alkoqol qəbulunu məhdudlaşdırmaq, fiziki aktiv olmaq və xroniki xəstəlikləri nəzarətdə saxlamaq əsas şərtlərdir. Kofein hər kəs üçün uyğun olmadığından, bəzi insanlar qəhvə qəbulunu artırmazdan əvvəl həkimlə məsləhətləşməlidirlər.
Piranə Xasiyeva












