Almaniyada aparılan yeni araşdırma göstərib ki, internetdən həddindən artıq istifadə insanların stress səviyyəsini artırır və psixoloji vəziyyətinə mənfi təsir göstərir.

QHT.az xarici mediaya istinadən bildirir ki, Duisburg-Essen Universitetinin alimləri tərəfindən həyata keçirilən tədqiqatda 900 yetkin iştirakçının internetdən istifadə vərdişləri araşdırılıb. İştirakçılar internetdən istifadə intensivliyinə görə üç qrupa – problemli istifadə, riskli istifadə və risksiz istifadəçilərə bölünüblər.

Araşdırmanın nəticələrinə əsasən, internetdən problemli səviyyədə istifadə edən şəxslər daha çox stress keçirir, özlərini daha pis əhval-ruhiyyədə hiss edir və onlayn keçirdikləri vaxt artdıqca gündəlik həyatın digər sahələrindən uzaqlaşırlar.

Tədqiqatın həmmüəllifi Silke M. Müller bildirib ki, internet istifadəçilərinin yalnız kiçik bir hissəsində bu problem xəstəlik səviyyəsinə çatır. Onun sözlərinə görə, internetdən istifadə əyləncə və rahatlama vasitəsi ola bilər, lakin fiziki məşq etmək, açıq havada vaxt keçirmək və dostlarla ünsiyyət kimi fəaliyyətlər də gündəlik həyatın ayrılmaz hissəsi olmalıdır.

Mütəxəssislər vurğulayırlar ki, internetdən istifadə özü-özlüyündə zərərli deyil. Mənfi nəticələr əsasən həddindən artıq və nəzarətsiz istifadə zamanı ortaya çıxır.