"İmtahan dövrü uşaqlar üçün yalnız biliklərini göstərdikləri bir mərhələ deyil, çox zaman böyük psixoloji təzyiq dövrünə çevrilir. Uşaq məktəbin tələbləri, ailənin gözləntiləri, cəmiyyətin müqayisələri və gələcəklə bağlı qorxular arasında qalır".

Bu sözləri “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu Samirə İsmayılova QHT.az-a açıqlamasında deyib. 

O vurğulayıb ki, bəzən təhsil prosesində uşağın düşünmə bacarığını yoxlamaq əvəzinə, həddindən artıq mürəkkəb, çaşdırıcı və uşağı çıxılmaz vəziyyətə salan suallar seçilir. Belə hallarda imtahan bilik ölçüsündən çox, stressə davamlılıq sınağına çevrilə bilir. Uşaq bildiyini ifadə etmək əvəzinə, qorxu və həyəcan səbəbilə öz potensialını göstərə bilmir.

Samirə İsmayılova qeyd edib ki, bu gün bir çox uşağın problemi yalnız imtahan deyil. Onlar məktəbdə ağır dərs yükü, əlavə məşğələlər, davamlı qiymətləndirmə, evdə yüksək gözləntilər və “mütləq uğur qazanmalısan” mesajı ilə yüklənirlər. Uşağın inkişafı üçün lazım olan oyun, istirahət, yaradıcılıq və sadəcə uşaq olmaq ehtiyacı arxa plana keçir.

Müsahibə öz sözlərində deyib ki, uzunmüddətli stress uşağın emosional dünyasına təsir edir. Daimi narahatlıq, yuxu problemləri, diqqət dağınıqlığı, özünə inamsızlıq, tez yorulma və öyrənməyə qarşı soyuma yarana bilər. Bəzən uşaq uğursuzluqdan deyil, sevgini və qəbul olunmağı itirmək qorxusundan stress yaşayır.

O vurğulayıb ki, təhsil sisteminin məqsədi uşağı qorxutmaq yox, onun düşünən, araşdıran və özünə inanan şəxs kimi inkişafına şərait yaratmaq olmalıdır. İmtahan uşağın dəyərini müəyyən edən hökm deyil, sadəcə öyrənmə prosesinin bir hissəsidir.

Valideynlər və müəllimlər uşağa daha çox təzyiq deyil, güvən verməlidir. Bəzən bir uşağın eşitməyə ehtiyacı olan ən vacib cümlə “daha çox çalış” deyil, “sənin yanındayam” olur.

Samirə İsmayılova son olaraq bildirib ki, sağlam ruhda böyüyən uşaq yalnız yaxşı nəticə göstərən deyil, həm də həyatda çətinliklərin öhdəsindən gələ bilən insan olur.

Piranə Xasiyeva