Bu gün Quba Şəhidlər Xiyabanına daxil olarkən bir daha qürurverici mənzərənin şahidi oldum. Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri, Quba Şəhər Savərliyinin nümayəndələri və kommunal xidmət əməkdaşları xiyabanın təmizliyi və səliqəsi ilə məşğul idilər.
Artıq neçə dəfədir ki, xiyabanda Loğman müəllimin, Elşən müəllimin, Dəyanət müəllimin şəhidlərimizin uyuduğu bu müqəddəs məkana olan diqqət və qayğısının şahidi oluram. Onların hər dəfə xiyabanın təmizliyinə, səliqəsinə və abadlığına göstərdiyi münasibət şəhid ailəsi olaraq bizim üçün xüsusi məna daşıyır.
Bir şəhid anası kimi deyə bilərəm ki, bizim üçün Şəhidlər Xiyabanı sadəcə bir məkan deyil. Bura övladlarımızın əbədi uyuduğu müqəddəs torpaq, bizə əmanət qalan ən qiymətli məkandır.
Bu səbəbdən şəhidlərimizin məzarlarına və onların uyuduğu xiyabana göstərilən hər bir diqqəti yüksək qiymətləndirir və şəhid ailələri adından minnətdarlığımızı bildiririk.
Başda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov olmaqla, Loğman müəllimə, Elşən müəllimə, Dəyanət müəllimə, Quba Şəhər Savərliyinin və kommunal xidmətlərin bütün əməkdaşlarına təşəkkür edirəm.
Bəzən göstərilən əməl deyilən ən gözəl sözdən daha dəyərlidir. Şəhidlərimizin əmanətinə sahib çıxmaq, onların uyuduğu müqəddəs məkanı qorumaq — onlara göstərilən ən böyük ehtiramdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik.
"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova






