Son günlərdə bir sıra görüşlər keçirən Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının dəfn və yas mərasimlərində iştirak edib. Bu görüşlər zamanı Tovuz rayonunun Vahidli kəndində xüsusi diqqətə layiq bir məsələ ilə üzləşdiyini bildirdi.
QHT.az xəbər verir ki, Ramil Göyüşov, 2023-cü ilin sentyabrın 19-da bir günlük antiterror əməliyyatı zamanı şəhid olan kiçik çavuş Asim Cavanşir oğlunun ailəsinin yaşadığı problemləri ictimailəşdirməyin vacibliyini vurğulayıb. Şəhidin ailəsinin yaşadığı ərazidə bir ildən çoxdur ki, təbii qazın çəkilməsi ilə bağlı problemlər yaşanır. Hərçənd ki, yerli İcra Hakimiyyəti və Azəriqaz nümayəndələri tərəfindən qaz boruları qapıya qədər çəkilib, lakin qaz sayğacının quraşdırılması hələ də mümkün olmayıb.
Şəhidin atası, Cavanşir kişi, bu problemin həll olunması üçün Ramil Göyüşova müraciət edib. Şəhidimizin atasının ən böyük arzusu, 19 sentyabrda el adətinə uyğun keçiriləcək il mərasimindən əvvəl sayğacın quraşdırılması və qışda istilik problemi yaşamamaqdır. Ramil Göyüşov, bu məsələnin Azəriqaza çatdırılmasını və şəhid ailəsinin ehtiyaclarının qarşılanmasına yardımçı olmağı özünə borc bildiyini qeyd edib.
QHT sədri xalqımızın qəhrəman şəhid ailələrinin heç bir ehtiyacının qarşılıqsız qalmayacağına ümid etdiyini vurğulayaraq, bu məsələnin həll olunmasının vacibliyini bir daha qeyd edib.
Pərvanə Fərhadqızı
QHT.az












