“Motorola” şirkətinin yeni şaquli qatlanan smartfonu Razr 2027 modelinin texniki xüsusiyyətləri və təqdimat tarixi ilə bağlı məlumatlar yayılıb.

QHT.az xarici mediaya istinadən bildirir ki,“AndroidHeadlines” nəşrinin əldə etdiyi texniki sənədlərə əsasən, yeni smartfonun 2027-ci ilin yanvar ayında ictimaiyyətə təqdim olunacağı iddia edilir. Cihazın Türkiyə bazarında da satışa çıxarılması gözlənilir.

Modelin əsas yeniliklərindən biri xarici ekranın böyüdülməsidir. Belə ki, Razr 2027-nin 4 düymlük xarici ekranla təchiz ediləcəyi bildirilir. Bu göstərici telefonun əvvəlki modelindən daha böyük ekran təklif edəcəyini göstərir.

Məlumata görə, təqdimatın yanvarın 6-da başlayacaq CES sərgisi çərçivəsində, Las-Veqasda keçiriləcək “Lenovo Tech World” tədbirində baş tutması gözlənilir. Bu tarix əvvəlki Razr modelinin təqdimatı ilə müqayisədə təxminən dörd ay daha erkəndir.

ABŞ bazarından kənarda yeni cihazın “Razr 2027” və ya “Razr 70” adı ilə satışa çıxarılacağı ehtimal olunur.

Qeyd edək ki, smartfonun 5 000 mAh tutumlu batareya ilə təchiz ediləcəyi də iddialar arasındadır. Lakin şirkət hələlik modelin xüsusiyyətləri və təqdimat tarixi ilə bağlı rəsmi açıqlama verməyib.

Mənbə: Ensonhaber