Bu gün, 30 Avqust, Beynəlxalq İtkinlər Günü münasibətilə, "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi barədə narahatlığını ifadə edib.
QHT.az xəbər verir ki, QHT sədri bildirib ki, Ermənistandan itkin düşmüş şəxslərə və kütləvi məzarlıqlara dair məlumatların təqdim edilməməsi ciddi insan hüquqları pozuntusudur. O, həmçinin Ermənistanın mina xəritələrini təqdim etməməsi səbəbindən yüzlərlə Azərbaycan vətəndaşının mina partlayışlarının qurbanına çevrildiyini vurğulayıb: "Bir neçə gün öncə Qubaya gələn bir neçə itkin anası Şəhidlər Xiyabanını ziyarət etdilər. Ana adsız məzara yaxınlaşıb hönkür- hönkür ağlayıb. "BƏLKƏ MƏNİM BALAMDI" deyəndə insanın ürəyi parçalanır. Artıq neçə illərdir Ermənistandan itkin düşmüş Azərbaycan vətəndaşları, həmçinin kütləvi məzarlıqlar barədə məlumatların Azərbaycan tərəfinə təqdim edilməsini tələb edirik və Ermənistanın insan hüquq və azadlıqlarını bu şəkildə pozmasına reaksiya verilməlidir. Yüzlərlə soydaşlarımızdan xəbər yoxdu. Bu məsələyə eyni zamanda Ermənistan nə dəqiq mina xəritələrini, nə də itkinlərin kütləvi məzarlıqları barədə məlumatları Azərbaycana təqdim etmir. Mina xəritələrinin verilməməsi səbəbindən son yüzlərlə Azərbaycan vətəndaşı mina partlayışının qurbanına çevrilib. Dinc insanlara qarşı mina müharibəsi dayandırmalıdır. Bu vandalizminin qarşısı alınmalıdır və tələb olunmalıdır. Analarımızın gözü yoldan çəkilsin. Bir millət olaraq rahat yaşayaq və qırğınlara son qoyulsun. İtkin düşmüş şəxslər problemi yalnız Azərbaycan üçün aktual deyil, qlobal mahiyyətlidir".
Tünzalə Abduləlimova, BMT baş katibi Antonio Quterreşi itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçi təyin etməyə çağıraraq, bu problemin qlobal mahiyyət daşıdığını qeyd edib və dünya ictimaiyyətini sülhün qorunmasına çağırıb: "Dünyamızda sülhü qoruyaq!".












