Məşhur mesajlaşma platforması WhatsApp istifadəçilərin uzun müddətdir gözlədiyi mesajların əvvəlcədən planlaşdırılması funksiyasını elan edib. Yeni imkan vasitəsilə mesajları 10 dəqiqədən 14 günədək əvvəlcədən təyin olunmuş vaxtda göndərmək mümkün olacaq.
QHT.az xarici mediaya istinadən bildirir ki, şirkətin noyabrın 25-də rəsmi bloqunda yayımladığı məlumata görə, “Planlaşdırılmış mesajlar” adlandırılan yenilik həm şəxsi, həm də qrup söhbətlərində istifadə edilə biləcək. Funksiyanın qarşıdakı həftələr ərzində mərhələli şəkildə istifadəçilərə təqdim olunması nəzərdə tutulur.
Mesajları necə planlaşdırmaq olar?
Yeni funksiyadan istifadə etmək üçün əlavə menyuya daxil olmağa ehtiyac yoxdur. İstifadəçi istədiyi söhbəti açaraq mətn yazmalı və ya foto, video seçməlidir. Daha sonra göndərmə düyməsini basıb saxlayaraq açılan bölmədən mesajın göndəriləcəyi tarix və saatı müəyyənləşdirmək mümkündür.
Bütün planlaşdırılmış mesajlar ayrıca siyahıda görünəcək. İstifadəçilər göndərilmə vaxtı çatmamış həmin mesajlara baxa və zərurət yarandıqda onları silə biləcəklər.
Hansı mesajları əvvəlcədən təyin etmək mümkündür?
İlk mərhələdə funksiya mətn, foto və video mesajlarını dəstəkləyəcək. Səsli mesajlar, sənədlər və məkan məlumatlarının planlaşdırılması ilə bağlı isə hələlik əlavə məlumat verilməyib.
WhatsApp-ın təqdim etdiyi nümunələrə əsasən, istifadəçilər gecə saatlarında ağıllarına gələn təbrik mesajını növbəti səhər göndərilmək üçün əvvəlcədən təyin edə bilərlər. Eyni zamanda, başqa ölkədə yaşayan dostun ad gününü həmin ölkənin yerli vaxtı ilə qeyd etmək də mümkün olacaq.
Telefon söndürüləndə də mesaj göndəriləcək
Şirkətin açıqlamasına görə, telefon söndürülmüş və ya enerji ehtiyatı tükənmiş olsa belə, əvvəlcədən planlaşdırılmış mesaj müəyyən edilmiş vaxtda qarşı tərəfə çatdırılacaq.
Bundan başqa, planlaşdırılmış mesajlar da digər şəxsi yazışmalar kimi başdan-başa şifrələmə ilə qorunacaq. Mesajı qəbul edən şəxs üçün isə heç bir fərq olmayacaq: göndərilən mətn adi mesaj kimi görünəcək və onun əvvəlcədən planlaşdırıldığı barədə xüsusi bildiriş göstərilməyəcək.











