Qusar Olimpiya İdman Kompleksinin (OİK) 15 illik yubileyi münasibətilə yeniyetmələr arasında velosiped yarışı keçirilib. Azərbaycan Velosiped Federasiyası (AFV) və Qusar Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə baş tutan turnirdə 30 velosipedçi medallar uğrunda mübarizə aparıblar.
QHT.az xəbər verir ki, kompleksin ərazisində təşkil edilən yarışın açılış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, AVF-nin baş katibi Elnarə Musayeva, Qusar OİK-in direktoru Elşən Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra yarışa start verilib. İdmançılar kompleksin gözəl təbiətə malik kotteclər ərazisində 500 metr məsafə qət ediblər. Yekunda kiçik yaşlı yeniyetmələr arasında Emin Məcidov qızıl, Elmin Koroğluyev gümüş, Timur Hacıyev bürünc medala layiq görülüblər. Böyük yaşlı yeniyetmələr arasında isə David Abdulrəhmanov birinci, Ruslan Kiçikbəyov ikinci, Ramin Kəlbəliyev üçüncü yerdə qərarlaşıblar.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə federasiyanın medal və qiymətli hədiyyələri, həmçinin diplomlar təqdim olunub.
R. İmanov












