Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirib.
Müşavirədə FHN Sumqayıt Regional Mərkəzi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, aidiyyəti şəhər xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.
Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev çıxış edərək şəhər ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.
Müşavirədə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov keçirilən tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən natiqlər mülki müdafiə sahəsində görülmüş işlər barədə ətraflı məlumat veriblər. Həmçinin, Sumqayıt Regional Mərkəzinin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən mülki müdafiə obyektlərində keçirilmiş yoxlamaların nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verilib.
Müşavirənin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.












