“Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin rəhbəri Elnurə Abuşova QHT.az saytının 10 illik yubileyi münasibətilə təbrik ünvanlayıb. O, saytın yaranma fəlsəfəsini və rəhbəri Cəsarət Hüseynzadənin vətəndaş cəmiyyətinə verdiyi töhfələri yüksək dəyərləndirib:

"Cəsarət Huseynzadə ilə əyani tanışlığım 3-4 il əvvəl tədbirlərin birində oldu. Ona qədər uzun illər statuslarından qiyabi tanıyırdım. Məntiqli, neytral yanaşırdı hadisələrə. Bəzən haqlı tənqidləri də kimlərinsə ürəyindən tikan çıxarır, hədəfi nişan almaqla kimlərinsə ürəyindən qara qanlar axıdırdı.

Vətəndaş cəmiyyətinə qarşı münasibətim onu, fəaliyyətini yaxından tanıyandan sonra tam dəyişdi, etiraf edirəm.

Cəsarət müəllimin rəhbərlik etdiyi QHT.AZ saytı 10 yaşını qeyd edir. Bu sayt sırf zəhmətdən, işinə sevgidən yaranan bir saytdır. Elə bu yaranış səbəbi 10 il ərzində sübut etdi ki, ixtisaslaşmış saytlar da ətrafına kifayət qədər oxucu kütləsi toplaya bilir, istinad mənbəyinə çevrilir, yüksək səviyyəli görüşlərdə, tədbirlərdə istinad, nümunə kimi misal çəkilir.

Vətəndaş cəmiyyətlərinin dövlətimizin qayğısı ilə inkişafını, perspektivini görüb mən də bu ailənin bir üzvünə çevrildim. Nə xoş mənə ki, qht.az kimi nüfuzlu, ixtisaslaşmış sayt mənim də sevimli platformama çevrilib.

QHT-lər barədə istənilən mövzuda son, dəqiq məlumatların, faydalı elanların ünvanıdır qht.az saytı.

Yubileylərinin mətbuatın 150 illiyinə təsadüf etməsi də sevindirici haldır, hardasa media ilə sıx bağlılığın əlamətidir.

Cəsarət bəyi, əziz Pərvanə Fərhadqızını yubileyləri münasibəti ilə təbrik edirəm. Uğurlarınız bol olsun, əziz dostlar! İnşallah daha böyük təbrikiniz qədirbilən, diqqətcil dövlətimizdən gələr. Fəaliyyətiniz möhtəşəmdir, əziz dostlar!"