Müstəqilliyimizin ilk illərində ölkənin siyasi və iqtisadi vəziyyəti ilə yanaşı, sosial sahədə də təlatümlü günlərin yaşandığını yaxşı xatırlayırıq.

Ümummilli Lider Heydər Əliyevin ölkədə sabitliyin təmin edilməsi istiqamətində gördüyü işlər, daha sonra isə Prezident İlham Əliyevin ölkənin inkişafı naminə atdığı ardıcıl addımlar nəticəsində digər sahələrdə olduğu kimi, sosial sahədə də mühüm uğurlar əldə edildi.

Son 7-8 ildə ölkəmizdə vətəndaşlara yönəlik sosial siyasət sahəsində yeni imkanlar formalaşmağa başladı. Prezident İlham Əliyevin bu sahə ilə bağlı verdiyi mühüm tapşırıqlar, eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində yeni, daha müasir sosial siyasət sistemi formalaşdı.

Rəqəmsal, şəffaf, geniş və əlçatan sosial xidmətlər sistemi bu yanaşmanın əsas istiqamətlərindən birinə çevrildi.

Vacib məqamlardan biri də bu sistemdə ixtisaslaşmanın təmin olunması idi. Peşəkar xidmət üçün ixtisaslaşmış qurumların yaradılması və məsuliyyət sisteminin tətbiqi xüsusi əhəmiyyət daşıyırdı.

Sosial Xidmətlər Agentliyi də məhz bu prosesin tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə Nizamnaməsi təsdiq edilməklə fəaliyyətə başladı.

Ötən 6 ildə “Diqqət, dəyər və qayğı” şüarı ilə fəaliyyət göstərən bu qurum körpədən ahıla, uşaqdan gəncə qədər minlərlə ailənin qapısını döydü. Ölkənin ucqar rayonlarından tutmuş Yaxın Şərqdə çətin vəziyyətə düşmüş vətəndaşlarımıza qədər insanların dərdinə əlac olmağa, ailələrə dəstək göstərməyə başladı.

Ölkəmiz üçün yeni yanaşma əsasında həssas kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, onların sosial reabilitasiyası, uşaqların övladlığa və himayədar ailələrə verilməsi istiqamətlərində mühüm yeniliklər həyata keçirildi. Bu 6 il ərzində Agentlik həm böyüdü, həm də xidmət imkanlarını genişləndirdi.

Sözsüz ki, göstərilən xidmətlər və əldə edilən uğurlar dövlətimizin sosial siyasət baxışının daim inkişafda olduğunu göstərir. Agentlik bu səbəbdən yerlərdə ən çox ictimai müzakirələr keçirən qurumlardan biridir.

Agentlik vətəndaşları eşidir, onların fikirlərini qeyd edir və yeni təkliflərlə çıxış edir. Dövlətimizin iqtisadi gücü artdıqca sosial xidmətlərin həcmi də genişlənir.

Sosial Xidmətlər Agentliyinin ən mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, bu qurum yalnız nəticələrin aradan qaldırılması ilə kifayətlənmir, həmin nəticələri doğuran səbəblərin də aradan qaldırılması üçün çalışır. Agentlik gücünü məhz bu istiqamətə yönəldir.

Penitensiar sistemdə olan vətəndaşlarla iş aparılır, çətin şəraitdə yaşayan ailələrin övladlarının dövlət müəssisələrinə düşməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür. Reabilitasiya xidmətlərinin əlçatanlığını təmin etmək üçün müəssisələrin sayı artırılır, uşaqların dövlət dəstəyi ilə ailə mühitində yaşamasına xüsusi önəm verilir.

Son 7-8 ildə sosial sahədə aparılan yeni islahatlar və formalaşan müasir baxış Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların uğurla icra olunduğunu göstərir. Eyni zamanda qarşıda daha böyük və uğurlu işlərin görüləcəyinə inam yaradır.

Cəsarət Hüseynzadə 

İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri