"Müasir dövrdə sosial şəbəkələrdən istifadə etməyən insan tapma çətindir. Sosial şəbəkələr sanki hər bir insanın vizit kartına çevrilib. Paylaşdığımız hər bir fikir, yazdığımız hər bir cümlə və ünsiyyət tərzimiz bizi cəmiyyətə tanıdır. Məhz buna görə də, hər kəsin məsuliyyət hissi olmalı, paylaşmı edincə əvvəl yazdığını oxumalı,  müəyyən etik qaydalara riayət etmək məcburiyyətində olduğunu dərk etməlidir".

Bu fikirləri “Yeni Fikir” JHİB-nin sədri, Əməkdar Mədəniyyət İşçisi Elmira Mehdiyeva QHT.az-a açıqlamasında bildirib.

E.Mehdiyevanın sözlərinə görə, peşəkarlıq və etik davranış sosial şəbəkələrdə də insanın mədəniyyətini və savadını əks etdirən əsas göstəricilərdəndir: Peşəkarlıq yalnız iş mühitində deyil, sosial mediada da özünü göstərir. Düzgün yazı qaydalarına riayət etmək, etik davranış nümayiş etdirmək, etibarlı məlumat paylaşmaq və fərqli fikirlərə hörmətlə yanaşmaq insanın həm savadını, həm də mədəniyyətini əks etdirir. Təəssüf ki, əksər paylaşımlarda biz bunu görmürük. Sosial şəbəkələr azad fikir mübadiləsi üçün geniş imkan yaradır. Lakin bu azadlıq hər kəsin hüquq və ləyaqətinə hörmət çərçivəsində istifadə olunmalıdır.

Elmira Mehdiyeva bildirib ki, sosial şəbəkələrdə etik davranış hər bir istifadəçinin əsas məsuliyyətidir: Etik davranış sosial şəbəkələrdə sağlam ünsiyyətin əsas şərtidir. Nəzakətli ifadələrdən istifadə etmək, təhqir və nifrət nitqindən uzaq durmaq, şəxsi həyata hörmətlə yanaşmaq, məlumatı paylaşmazdan əvvəl onun doğruluğunu yoxlamaq hər bir istifadəçinin məsuliyyətidir.

Sədr vurğulayıb ki, etik davranış həm etibarı artırır, həm də sağlam ünsiyyət mühitinin formalaşmasına töhfə verir: Unutmayaq ki, yazdığımız hər bir söz bizim mədəniyyətimizi, dünyagörüşümüzü və şəxsiyyətimizi əks etdirir. Etik davranış nümayiş etdirən insanlar cəmiyyətdə daha çox etibar qazanır, konstruktiv müzakirələrin formalaşmasına töhfə verir və sosial şəbəkələrin daha təhlükəsiz, daha sağlam ünsiyyət mühitinə çevrilməsinə dəstək olurlar.

O qeyd edib ki, etik davranış sosial şəbəkələrdə məsuliyyətli istifadəçinin ayrılmaz prinsipidir: Etik davranış seçim deyil, sosial şəbəkələrdə məsuliyyətli istifadəçinin əsas prinsiplərindən biridir.

Elmira Mehdiyevanın sözlərinə görə, savadlı və məsuliyyətli paylaşımlar həm şəxsi nüfuza, həm də cəmiyyətə müsbət təsir göstərir: Savadlı yazılmış bir paylaşım oxucuda etibar yaradır, fikir mübadiləsini daha keyfiyyətli edir və şəxsi nüfuzun formalaşmasına müsbət təsir göstərir. Əksinə, yanlış məlumatlar, kobud ifadələr və diqqətsiz yazılar həm şəxsi imicə, həm də cəmiyyətə mənfi təsir göstərə bilər.

Sədr bildirib ki, sosial şəbəkələrdə hər paylaşım məsuliyyətlə edilməli, ədəbi dil normalarına əməl olunmalıdır: Unutmayaq ki, sosial şəbəkələrdə yazılan hər söz uzun müddət yadda qala bilər. Buna görə də paylaşım etməzdən əvvəl düşünmək, doğru məlumat vermək və ədəbi dil normalarına əməl etmək hər birimizin məsuliyyətidir.

Elmira Mehdiyeva sonda vurğulayıb ki, peşəkarlıq etibarın, savadlılıq isə hörmətin əsasını təşkil edir: Unutmaq olmaz ki, peşəkarlıq etibar yaradır, savadlılıq isə hörmət qazandırır.