Nyu-York – Süni intellekt texnologiyalarına yatırımların sürətlə artması iri texnologiya şirkətlərinin borclanmasını rekord səviyyəyə çatdırıb. Bu tendensiya fonunda banklar artan maliyyələşmə tələbatını qarşılamaq üçün yeni üsullardan istifadə etməyə başlayıblar.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, çip istehsalı, bulud infrastrukturu və məlumat mərkəzlərinə yönələn böyük investisiyalar nəticəsində Amazon və Alphabet kimi texnologiya nəhəngləri son 12 ay ərzində müxtəlif valyutalarda ümumilikdə 60 milyard dollarlıq istiqraz buraxıblar.

Mütəxəssislərin sözlərinə görə, şirkətlər yalnız ABŞ dolları bazarından asılı qalmamaq, daha geniş investor kütləsinə çıxış əldə etmək və ABŞ istiqraz bazarında həddindən artıq təklif riskini azaltmaq üçün avro, funt sterlinq, yen və digər valyutalarda borclanmağa üstünlük verirlər.

Morgan Stanley bankının investisiya dərəcəli borc bazarı üzrə qlobal həmsədri Teddi Hocson bildirib ki, Alphabet və Amazon Avropa, Kanada və Asiyadakı maliyyə bazarlarına çıxışlarını genişləndirərək investor bazasını şaxələndiriblər.

Bu strategiya artıq qlobal istiqraz bazarında bir sıra rekordlarla nəticələnib. Amazon mart ayında 14,5 milyard avro həcmində istiqraz yerləşdirərək Avropanın korporativ istiqraz bazarında ən böyük avroluq emissiyanı həyata keçirib.

Alphabet isə yen, Kanada dolları, İsveçrə frankı və funt sterlinq üzrə rekord həcmdə istiqraz buraxıb. Şirkət, həmçinin, texnologiya sektorunda uzun fasilədən sonra ilk dəfə 100 illik istiqraz emissiyası həyata keçirərək diqqət çəkib.

Ekspertlər bildirirlər ki, süni intellektə yönələn investisiyaların yaxın dövrdə də yüksək templə davam edəcəyi gözlənilir. Bununla belə, bəzi investorlar iri texnologiya şirkətlərinin artan xərclərinin gələcəkdə maliyyə risklərini artırıb-artırmayacağı ilə bağlı narahatlıqlarını da ifadə edirlər.