ABŞ, Vaşinqton – Apple süni intellektin kibertəhdidlərin hazırlanmasını sürətləndirməsi fonunda proqram təminatı yeniləmələrinin buraxılış qaydasını dəyişdiyini açıqlayıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, əvvəllər yalnız iOS-un növbəti əsas versiyası ilə birlikdə təqdim edilən bəzi təhlükəsizlik yeniləmələri bundan sonra istifadəçilərə daha erkən çatdırılacaq.
Apple-ın məlumatına görə, süni intellekt hakerlərin yeni hücum alətlərini daha sürətlə hazırlamasına imkan verir. Buna görə də təhlükəsizlik boşluqları barədə məlumatın açıqlanması ilə onların istifadəçilərin cihazlarında aradan qaldırılması arasındakı vaxtın minimuma endirilməsi vacib hesab olunur.
İndiyədək şirkət təhlükəsizlik düzəlişlərini əsasən iOS-un bir versiyasından digərinə keçid zamanı – məsələn, hazırda mövcud olan iOS 26.5-dən planlaşdırılan iOS 26.6-ya keçid çərçivəsində təqdim edirdi. Bu müddətdə yeni versiya tərtibatçılar və test istifadəçiləri tərəfindən sınaqdan keçirilirdi.
Yeni yanaşmaya əsasən isə iOS 26.6 üçün nəzərdə tutulmuş son təhlükəsizlik yeniləmələrinin bir hissəsi əsas buraxılışdan əvvəl bütün istifadəçilərə təqdim ediləcək.
Şirkət vurğulayıb ki, aradan qaldırılan zəifliklərdən hakerlərin istifadə etdiyinə dair hər hansı sübut yoxdur. Bununla belə, Apple hesab edir ki, süni intellekt dövründə təhlükəsizlik yeniləmələrinin istifadəçilərə daha operativ çatdırılması kibermüdafiənin gücləndirilməsi baxımından zəruridir.






