Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Bakı şəhərində növbəti ictimai dinləmə keçirilib. Tədbir “Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri barədə məlumatlandırma” mövzusuna həsr olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən QHT.az-a verilən məlumata görə, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının inzibati binasında keçirilən ictimai dinləmədə 100-dən çox şəxs iştirak edib. İştrakçılar arasında şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, dövlət və bələdiyyə qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının üzvləri, eləcə də mövzuyla bağlı müraciət edən digər vətəndaşlar olub.
Tədbir zamanı Agentliyin göstərdiyi xidmətlər, həyata keçirilən layihələr, sosial dəstək mexanizmləri və xidmətlərdən yararlanmaq üçün müraciət qaydaları barədə məlumat verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, ictimai dinləmələr mütəmadi olaraq təşkil edilir və bu barədə məlumat əvvəlcədən Agentliyin sosial media hesablarında paylaşılır.






