"28 iyun 2026-cı il tarixində hakimliyə namizədlər üçün keçirilən test imtahanını vətəndaş cəmiyyəti nümayəndəsi və müşahidəçi qismində izlədim".
Bu sözləri "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev QHT.az-a açıqlamasında bildirib.
Əliməmməd Nuriyevin sözlərinə görə, məhkəmə hakimiyyətinə ictimai etimadın əsası hakimlərin seçimi mərhələsində formalaşır: "Uzun illərdir ki, Hakimlərin Seçki Komitəsinin təşkil etdiyi hakim seçimi prosesinin müxtəlif mərhələlərini müşahidə edirəm. Bu illər ərzində gəldiyim qənaət dəyişməyib; məhkəmə hakimiyyətinə ictimai etimadın əsası məhkəmə zalında deyil, hakimin seçilməsi mərhələsində qoyulur".
Ə.Nuriyev bildirib ki, hakim seçimi prosesi əvvəlcədən müəyyən edilmiş qaydalara uyğun və şəffaf şəkildə təşkil olunub: "Bu dəfə də imtahan prosesi əvvəlcədən müəyyən edilmiş qaydalara uyğun təşkil olunmuşdu. Namizədlər dörd saat ərzində kompüter vasitəsilə 100 test sualını cavablandırır, nəticələr isə hər bir iştirakçıya imtahan başa çatan kimi elan edilirdi. Bu qayda həm operativliyi təmin edir, həm də qiymətləndirmə prosesinin şəffaflığına əlavə təminat yaradır".
O qeyd edib ki, imtahanda iştirak edən namizədlərin yarıdan çoxu növbəti mərhələyə vəsiqə qazanıb: "İmtahanda 337 namizəd iştirak etdi. Onlardan 175 nəfəri 60 və daha çox bal toplayaraq növbəti – yazılı imtahan mərhələsinə buraxıldı".
Əliməmməd Nuriyevin sözlərinə görə, müşahidələr zamanı hər hansı prosedur pozuntusu qeydə alınmayıb: "Müşahidəçi kimi bizim üçün əsas meyar yalnız imtahanın texniki təşkili deyildi. Əsas məsələ prosedurların necə işləməsi idi. Dörd saat ərzində prosesi fasiləsiz izlədik. İmtahanın gedişi ilə bağlı hər hansı prosedur pozuntusu və ya iştirakçılar tərəfindən narazılıq müşahidə etmədik. Bu, şəffaflığın sadəcə bəyan edilmədiyini, praktikada da təmin olunduğunu göstərən mühüm göstəricilərdən biridir".
O vurğulayıb ki, hakimlərin seçilməsi hüquqi dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsuliyyətli prosesdir: "Hakim insan taleyi, mülkiyyət hüququ, sahibkarlıq azadlığı və digər konstitusion hüquqlar barədə qərarlar qəbul edir. Buna görə də hakim korpusunun peşəkarlığı və onun formalaşdırılması mexanizmi hüquqi dövlətin dayanıqlığı baxımından xüsusi əhəmiyyət daşıyır".
Ə.Nuriyev bildirib ki, yeni hakimlərin seçilməsi məhkəmə sisteminin inkişafına və vakant yerlərin doldurulmasına xidmət edəcək: "Hazırda ölkəmizdə 705 hakim fəaliyyət göstərir. Davam edən seçim prosesi nəticəsində yeni hakimlərin korpusa qoşulması həm mövcud vakant yerlərin komplektləşdirilməsinə, həm də məhkəmə hakimiyyətinin institusional inkişafına xidmət edir".
O qeyd edib ki, son illərdə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar göstərir ki, dəyişikliklər yalnız qanunvericiliklə məhdudlaşmır.
Əliməmməd Nuriyevin sözlərinə görə, şəffaf seçim mexanizmləri və ictimai nəzarət məhkəməyə etimadın möhkəmlənməsinə xidmət edir: "Hakimlərin seçimi mexanizminin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi, ictimai müşahidənin təmin edilməsi və açıq prosedurlar məhkəmə hakimiyyətinə ictimai etimadın möhkəmləndirilməsinə xidmət edən vacib elementlərdir".
O vurğulayıb ki, məhkəmə islahatlarının uğuru hakimlərin peşəkarlığı və müstəqilliyi ilə tamamlanmalıdır: "Eyni zamanda, məhkəmə-hüquq islahatlarının uğuru yalnız seçimin şəffaflığı ilə ölçülmür. Bu uğur sonrakı mərhələlərdə hakimlərin peşə hazırlığı, etik davranışı, müstəqilliyi və qəbul etdikləri qərarların keyfiyyəti ilə tamamlanır. Məhz bu amillərin vəhdəti cəmiyyətin məhkəməyə inamını möhkəmləndirə bilər".
Ə.Nuriyev bildirib ki, şəffaf seçim ədalətli məhkəmənin əsas başlanğıc şərtlərindən biridir: "Şəffaf seçim ədalətli məhkəmənin təminatı deyil. Amma ədalətli məhkəmənin ən vacib başlanğıc şərtlərindən biridir. Məhkəməyə ictimai etimad da məhz həmin başlanğıcdan formalaşmağa başlayır".
Fatimə Nəbiyeva






