9 oktyabr – Vətən müharibəsinin 13-cü günü, Hadrut qəsəbəsi və bir neçə kəndin işğaldan azad olunduğu gündür. Bu tarix Azərbaycanın yaddaşına qürur və zəfər günü kimi həkk olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın, "Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin sədri Firuzə Nadir QHT.az-a açıqlamasında həmin günləri belə xatırlayıb:
“9 oktyabr 2020-ci ildə, yəni Vətən müharibəsinin 13-cü günündə Hadrut qəsəbəsi və ətraf kəndləri işğaldan azad edildi. O günü də digər kənd və şəhərlərimizin azad edildiyi gün kimi yaxşı xatırlayıram. Həmin gün işdə idim. AzTV-nin “Xəbər otağı”nda hər kəs öz işi ilə məşğul idi. Qəfil səs-küy, sevinc, qışqırıq səsi otağı bürüdü. Hamı ucadan "Hadrut da artıq azaddır! Ali Baş Komandana, Azərbaycan Ordusuna eşq olsun!" deyə əl çalırdı.”
Firuzə Nadirin sözlərinə görə, 44 günlük müharibə dövründə hər bir vətəndaş Ali Baş Komandan, Prezident İlham Əliyevin hər çıxışını, hər tvitini böyük ümid və həyəcanla gözləyirdi:
“Biz qələbə xəbərlərini hava kimi ciyərimizə çəkirdik. Hadrutun işğaldan azad edilməsi təkcə hərbi uğur deyil, həm də xalqın inamının və Ordunun iradəsinin simvoluna çevrildi. Hadrutun azadlığı Azərbaycan xalqının birliyini, Ordunun peşəkarlığını və milli ruhun yenilməzliyini göstərdi. 44 günlük Vətən müharibəsi təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də milli kimliyin və tarixi yaddaşın möhkəmlənməsi baxımından mühüm mərhələ oldu. Bu müharibə azərbaycançılıq ideyasını yeni mərhələyə qaldırdı — xalq, Ordu və dövlət bir amal ətrafında birləşdi. O günlər bizim üçün qürur, həm də məsuliyyət günləridir — azadlığı qorumağın azad etməklə bitmədiyini, onu daim yaşatmaq gərəkdiyini xatırladır.”






