9 oktyabr — Vətən müharibəsinin 13-cü günü Azərbaycanın hərb tarixində qürurla qeyd olunan günlərdəndir. Məhz bu gün Hadrut qəsəbəsi və bir neçə kənd düşmən işğalından azad edilib.
“Davamlı İnkişafa Doğru” İctimai Birliyi Sifarişçi rəhbəri Namiq Heydərov QHT.az-a açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsi ümumi milli birliyin pik nöqtəsi olub:
"Həmin günlərdə hamı yalnız bir fikirlə bir-biri ilə söhbət edirdi — qələbə. Yadımdadır, Hadrut vuruşu zamanı bir qonşumuz, milli ordunun baş leytenantı şəhid olmuşdu. Onun dəfnindən sonra başsağlığına gələn hər kəsin ilk sözü ‘Vətən sağ olsun’ olurdu. Oğlumla fəxr edirəm ki, bu gözəl qələbədə onun da az da olsa əməyi var. Hətta övladı şəhid olmuş valideynlər belə o şəhid övladları ilə fəxr edirdi və yalnız irəli getmək barədə düşünürdülər."
Namiq Heydərov həmçinin əlavə edib ki, müharibə dövründə hər kəs Ali Baş Komandanın axşam məlumatlarını izləyir, azad olunan kəndlər və Şuşaya doğru irəliləyiş böyük həyəcanla qarşılanırdı. Hadrutun azad olunması xalq arasında yeni ümid və milli birliyin simvolu idi:
"Həmin dövrdə milli birliyimiz, insanların bir-birinə dəstəyi, Ali Baş Komandanla, dövlətlə və milli ordumuzla həmrəyliyi tam şəkildə təcəssüm olunurdu. Mən o günləri yaşadığım üçün fəxr edirəm, çünki xalqımızın böyüklüyünü və ucalığını gördüm. Müharibənin nəticəsi olaraq Azərbaycan tam işğalçılar üzərində qələbə qazanıb və işğala yol vermiş şəxslərin hüquqi cəzalarının tətbiqi prosesi izlənilir".
Pərvanəə Fərhadqızı






