“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə QHT.az-a açıqlamasında Hadrutun azad edilməsinin həm hərbi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıb:
“2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 30 il əsarətdə qalmış torpaqların azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi bir dönüm nöqtəsi oldu. Hadrut qəsəbəsi Xocavənd rayonunun vacib inzibati mərkəzi və Qarabağ ərazisinə daxil olduğu üçün xüsusi strateji əhəmiyyət daşıyırdı. Qarabağın cənub istiqamətində yerləşən Hadrut coğrafi relyefi və nəqliyyat dəhlizi kimi mühüm strateji mövqeyə malik idi.”
Məleykə Əlizadənin sözlərinə görə, 1992-ci ildən işğal altında olan Hadrut, Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatları nəticəsində 9 oktyabr 2020-ci ildə azad edilib, növbəti gün – 10 oktyabrda isə Ali Baş Komandan İlham Əliyev xalqımıza bu möhtəşəm xəbəri çatdırıb:
“Bu xəbər ölkə üzrə böyük sevinc və qürur hissi ilə qarşılandı. Hadrutun azad edilməsi Azərbaycan ordusunun Cəbrayıl və Füzuli istiqamətlərində mövqelərini möhkəmləndirdi, Xocavənd rayonunun digər yaşayış məntəqələrinin azad edilməsi üçün əlverişli şərait yaratdı. Bu və digər döyüşlərdə əldə edilən qələbə Azərbaycan əsgərinin şücaətinin, xalq–dövlət birliyinin və dövlətin uğurlu siyasi iradəsinin təntənəsi oldu.Hadrutun azadlığı ilə növbəti qələbələr üçün yollar açıldı, bu gün isə bölgədə böyük bərpa və yenidənqurma işləri həyata keçirilir. Hadrutda yollar çəkilir, evlər tikilir, infrastruktur qurulur. Bu, sakinlərin doğma yurduna qayıdışı üçün möhkəm zəmin yaradır.”
Məleykə Əlizadə Hadrutun azad edilməsini həm də Azərbaycanın ən qədim tarixi irsinin – Azıx mağarasının azadlığı kimi dəyərləndirib:
“Hadrutun azad edilməsi Azərbaycanı dünyada tanıdan Azıx mağarasının əsarətdən qurtulması demək idi. Bu abidənin yenidən tədqiqi, arxeoloji tapıntıların araşdırılması, Qarabağ Universitetində qədim abidələrin öyrənilməsi üçün laboratoriyanın yaradılmasının əsası məhz 9 oktyabr 2020-ci ildə qoyuldu. 44 günlük Vətən müharibəsində Qələbə xalqın şərəf və qəhrəmanlıq tarixidir. Bu, on minlərlə torpaq üçün şəhid olan Vətən fədailərinin tarixidir, Xalq–Ordu–Dövlət birliyinin tarixidir. Əsrlər keçsə də, bu tarix belə də qalacaq. Çünki bu tarix qanla yazıldı.”






