9 oktyabr — Vətən müharibəsinin 13-cü günü Azərbaycanın hərb tarixində qürurla qeyd olunan günlərdəndir. Məhz bu gün Hadrut qəsəbəsi və bir neçə kənd düşmən işğalından azad edilib.
“Azəri” Tat Mədəniyyət Mərkəzi” İctimai Birliyinin sədri Elman Əhmədov QHT.az-a açıqlamasında həmin günlərin xalqımızın milli birliyinin ən parlaq nümunəsi kimi yadda qaldığını bildirib:
“O günlərdə bütün azərbaycanlılar — dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq — Vətən uğrunda vuruşurdu. Cəbhədə və arxada hamı azərbaycanlı kimi çalışırdı. Bu, xalqımızın bir amal ətrafında birləşməsinin, vətən sevgisinin təcəssümü idi. Vətən müharibəsi Azərbaycanın tarixi birliyini və vətənpərvərlik ruhunu daha da gücləndirib. Televiziyada, radioda Azərbaycanda milli birlik mövzusuna dəfələrlə toxunmuşuq. Bu gün icrasını yekunlaşdırmaqda olduğum layihə də dövlətin etnik qrupların mədəniyyətinə verdiyi diqqətin bariz nümunəsidir. Bütün bu və digər təşəbbüslər Azərbaycanda milli birliyin daha da möhkəmlənməsinə xidmət edir.”






