Ölkəmizdə son illər qadınlara qarşı zorakılıq hallarının sayı yüksələn xətlə artır.
Təəssüflə qeyd etmək lazımdır ki, bu zorakılıq hallarının bəzisi qətllə tamamlanır. Bunu rəsmi statistikada da görmək mümkündür. Belə ki, rəsmi statistikaya görə, 2020-ci ildə ailə münaqişəsi ilə bağlı cinayətlərdə zərərçəkmiş şəxslərin sayı 1300 nəfər olub ki, onlardan da 987-si (2-si hamilə) qadın, 8-i 18 yaşadək uşaqlardır. Keçən il ailə münaqişələri nəticəsində 59 nəfər qəsdən adam öldürmənin qurbanı olub. Ölənlərdən 43-ü qadın (2 hamilə), 1-i uşaq olub. Ailə münaqişəsi nəticəsində qurbanlardan 1 qadın isə özünü öldürmə həddinə çatdırılıb.
Qadınlara qaşrı cinayətlərin qarşısını almaq üçün qanunda hansı dəyişikliklərə ehtiyac var?
Vəkil Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında bu sahədə olan boşluqlardan danışıb. Onun sözlərinə görə, əsas problemlərdən biri mühafizə orderlərinin verilməsi ilə bağlıdır:

"Bu gün qanunla məişət zorakılığının qurbanlarına qısa müddətli mühafizə orderləri verilir. Qısamüddətli mühafizə orderləri 1 aylıq olaraq şəhər/rayon icra hakimiyyətləri tərəfindən, uzunmüddətli mühafizə orderləri isə 3 aydan 6 aya qədər müddətə məhkəmələr tərəfindən verilir. Hesab edirəm ki, bunda da dəyişiklik olmalıdır. Çünki praktika göstərir ki, mühafizə orderlərinin bu strukturları tələbata uyğun gəlmir. Birincisi, insan haqları çərçivəsində çalışan şəxslər şikayət edirlər ki, icra hakimiyyəti orqanları tərəfindən mühafizə orderləri almaq mümkün olmur. Çünki icra hakimiyyəti orqanları fikirləşir ki, mühafizə orderləri versələr onda onların şəhərdə, ərazidə məişət zorakılığına məruz qalan insanların olması düşüncəsi yaranacaq.
Bu da guya onların imicinə mənfi təsir edir. Ona görə hesab edirəm ki, mühafizə orderlərinin verilməsində müddət məsələsi götürülməli, ikincisi, hamısı məhkəmə tərəfindən həyata keçirilməlidir. Məsələn, müəyyən olunmalıdır ki, müraciətdən sonra 3 gün müddətinə məhkəmələr mühafizə orderlərinin verilib-verilməməsinə baxıb qərar çıxarmalıdır. Burada da müddət məsələsi götürülməlidir. Yəni yalnız qurbanın müraciəti ilə mühafizə orderinə xitam verilməlidir. İndi icra hakimiyyəti 1 aylıq mühafizə orderi verir, bu 1 aylıq müddətdə zorakılıq törədən şəxs sakit dayanır, elə ki, 1 ay bitdi, yenidən öz əməlinə başlayır. Polis də zorakılıq qurbanının şikayətinə baxmır ki, mühafizə orderi üçün müraciət edin, o birinin vaxtı bitib. Məhkəməyə də müraciət edəndə orderin verilməsi məsələsinə baxmaq üçün dəqiq müddət verilmir. Onun da vaxtı olanda, mühafizə orderi məsələsinə baxır. Ona görə də prosedurları ciddi sürətdə dəyişmək lazımdır”.
Vəkil hesab edir ki, qanunda da birbaşa mühafizə orderi üçün müraciətə dövlət rüsumunun olmaması göstərilməlidir:
“Çox təəssüf ki, bu gün qanunda belə müddəa yoxdur. Ona görə də biz bir neçə dəfə mühafizə orderi üçün məhkəməyə müraciət etmişik. Bir halda hakim götürüb dövlət rüsumu almadan mühafizə orderinin verilməsinə razılaşır, digər hakimə düşəndə isə bundan imtina edir və deyir ki, dövlət rüsumu ödəyin. Bu da zorakılığa qarşı mübarizənin effektivliyini aşağı salır".
Hüquqşünas qeyd edib ki, məişət zorakılığı ilə bağlı şikayət üzrə polislərdə də xüsusi icraat müəyyən olunmalıdır. Çünki bu sahədə də böyük boşluqlar nəzərə çarpır:
"Hesab edirəm ki, məişət zorakılığı ilə bağlı şikayət üzrə polislərdə xüsusi icraat müəyyən olunmalıdır. Hansısa rəsmi təlimat, rəsmi əsasnamə olmalıdır ki, zorakılıq haqqında şikayət daxil olduqda polis nə etsin. İndi belə bir əsasnamə, təlimat yoxdur. Belə şikayət gələndə həll olunmasına çox da böyük maraq göstərmirlər. Çünki hesab edirlər ki, bu, məişət məsələsidir. Şikayət daxil olan evə də gedəndə ilk sözləri bu olur ki, bir ailəsiniz, barışın, getsin. Həmin anda da ilkin barışma olur. Zorakılığa məruz qalan qadın razılaşmağa məcbur olur, çünki görür ki, polis məsələnin həllinə çox da maraq göstərmir. Razılaşmadığı halda da zorakılığı törədən şəxsi ərazi üzrə polis bölməsinə çağıraraq izahat almaqla kifayətlənir. Bu da sonda daha ağır nəticələrə gətirib çıxarır. Praktikadakı qətl hadisələrinə baxsaq, görərik ki, zorakılıq dəfələrlə olub, lakin onun qarşısı alınmayıb. Həmin zorakılıq üzrə verilən şikayətlərlə bağlı effektli tədbir olmayıb.
Buna görə də ağır nəticələr yaşanıb. Həm də polislər zorakılıq törədən şəxsin fəaliyyətini, əməllərini, davranışını, yaşayışını nəzarətdə saxlamalı, mütəmadi onlarla əlaqə yaratmalıdırlar. Məsələn, bir çox ölkələrdə bir dəfə zorakılıq törədən şəxs artıq zorakı şəxs kimi qeydiyyata düşür. O, harada yaşamasından asılı olmayaraq, yaşayış yerini dəyişəndə yaxınlardakı polis bölməsində qeydiyyata düşməlidir ki, zorakı şəxs qismində digər ərazidə nəzarətə alındığıbəlli olsun. Əgər şəxs bunu etməsə, məsuliyyətə cəlb olunur. Qeydiyyata düşəndə də polis onu nəzarətdə saxlayır, evinə gedir, yaşayış yerinə baxır. Bu da həmin zorakılıq törədən şəxsin daha intizamlı olmasına, öz əməllərindən əl çəkməsinə vadar edir. Bizdə isə polis bir dəfə söhbət edir, sonra onu yaddan çıxarır. Həmin şəxs də gedib təkrar-təkrar oxşar hadisələri törədir".
Ə.Mustafayev zərərçəkənlərin sığınacaqlara yerləşdirilməsi məsələsində mövcud olan boşluqlardan da danışıb:
"İri şəhərlərdə məişət zorakılığı qurbanları üçün sığınacaqlar var. Hesab edirəm ki, sayı çox azdır. Bu, təkcə paytaxt Bakıda, Gəncədə yox, bölgələr üzrə yaradılmalıdır. Çünki artıq məişət zorakılığından şikayətlərin, qurbanların sayı artır. Bəzən məişət zorkılığına məruz qalan şəxs digər yaşayış yeri olmadığı üçün zorakılıq törədən şəxsin yaşadığı evə qayıtmağa məcbur olur. Bu da həmin zorakılığın təkrar olunması üçün şərait yaradır. Ona görə hesab edirəm ki, sığınacaqların sayı, əhatə dairəsi artırılmalıdır. Çünki ucqar rayondan gəlib Bakıdakı sığıncaqda qalmaq çətindir, həmin qərarın verilməsi çətindir, qərarlar qəbul olunana qədər qadın dəfələrlə zorakılığa məruz qalır".
Hüquqşünas ölkəmizdə hüquqi maarifçiliyin də yetərli olmamasından şikayətlənib:
"Digər məsələ hüquqi maarifçilik məsələsidir. Çünki həm zorakılığa meyilli olan şəxslər, həm potensial zorakılıq qurbanları öz hüquqlarını, vəzifələrini bilməlidirlər. Potensial zorakılar bilməlidir ki, onlar evdə, məişətdə belə hər hansı zorakı davranış törətsələr, əməllərinə hansı qiymət verilə, hansı məsuliyyət daşıya bilərlər. Bizdə tarixən kişi tərəfindən qadının, valideynlər tərəfindən uşağın, böyük qardaş tərəfindən bacının döyülməsi adi hal sayılırdı. İndi də çoxları elə bu adət-ənənə ilə yaşayır. Məsuliyyət haqqında məlumatsız olurlar. Ona görə də hesab edirəm ki, hüquqi maarifçilik məsələsinə də ciddi yanaşılmalıdır. Kütləvi informasiya vasitələrində bu barədə geniş məlumat verilməlidir ki, həm potensial zorakılar, həm də potensial zorakılıq qurbanları öz vəzifələrini bilsinlər".
Vəkil məişət zorakılığı qurbanlarına pulsuz hüquqi yardım göstərilməsi məsələsinə də toxunub:
"Məişət zorakılığının qurbanlarına pulsuz hüquqi yardım birbaşa qanunda göstərilməlidir. Hazırda qanunda belə bir müddəa yoxdur. Bu da həmin şəxsləri vəkil, hüquqşünasa yardım üçün müraciət etmək imkanından məhrum edir. Məsələn, zərəçəkən polis və yaxud məhkəməyə ərizə yazmalıdır, bundan ötrü mütləq pulsuz hüquqi yardım lazımdır. Digər məsələ qanunvericilikdə zorakılığa qiymət verilməsi, məsuliyyət nəzərdə tutulmasıdır. İndi bizdə nə Cinayət Məcəlləsində, nə də İnzibati Xətalar Məcəlləsində məişət zorakılığına görə məsuliyyət nəzərdə tutulur. Belə hal baş verəndə digər maddələrlə - məsələn, döymə ilə əvəz edirlər. Bu da məişət zorakılığı ilə bağlı statistikanın mövcudluğunu istisna edir. Çünki həmin məişət zorakılığı hadisələri adi adlarla statistikaya düşür. Statistika olmayan yerdə də hansısa nəticələr çıxarmaq, tədbirlər görməyə cəhd etmək imkanları aradan qalxır. Çünki hər şey məlumatlar analizi ilə baş verir. Ona görə də artıq vaxt yetişib ki, həm Cinayət Məcəlləsində, həm İnzibati Xətalar Məcəlləsində belə məsuliyyət nəzərdə tutulsun".
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən icra olunan“Sumqayıt şəhəri və yaxın bölgələrdə əhalinin qadın hüquqları və onların müdafiə mexanizmləri barədə maarifləndirilməsi, hüquq pozuntularına məruz qalmış qadınlara sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.
Naibə
Cebhe.info












