Qeyri-infeksion xəstəliklər (NCD) dünyada ölüm hallarının 75 faizini təşkil etsə də, bu sahəyə ayrılan beynəlxalq maliyyə uzun illərdir kifayət qədər azdır.

QHT.az xarici mediaya istinadən bildirir ki, qeyri-infeksion xəstəliklərin qarşısının alınması və müalicəsinə yönələn proqramlar indiyədək rəsmi inkişaf yardımının orta hesabla cəmi 2 faizini alıb. Beynəlxalq yardımın azalması fonunda isə bu sahəyə dəstəyin daha da zəifləyəcəyi ilə bağlı narahatlıqlar artır.

ABŞ-ın yeni “America First Global Health Strategy” strategiyasında qeyri-infeksion xəstəliklər prioritet hesab edilmir. Buna baxmayaraq, bir sıra xeyriyyə və korporativ fondlar ürək-damar xəstəlikləri, diabet və xərçəng kimi xroniki xəstəliklərlə mübarizə layihələrini maliyyələşdirməyə davam edir.

Bu fondlar əsasən aşağı və orta gəlirli ölkələrdə, eləcə də ABŞ və Avropada qeyri-infeksion xəstəliklərin qarşısının alınması və müalicəsinə yönəlmiş proqramlara qrant dəstəyi göstərirlər.