Afrikada iqlim texnologiyaları (ClimateTech) sahəsində fəaliyyət göstərən startaplara 2016–2025-ci illərdə ümumilikdə 6,35 milyard ABŞ dolları investisiya yatırılıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, ClimateTech sahəsinə illik investisiyalar 2016-cı ildəki 206 milyon dollardan 2025-ci ildə 1,5 milyard dollardan çoxa yüksəlib. Bununla da bu sahə Afrikada ən çox vençur kapitalı cəlb edən sektora çevrilib. Lakin Afrika hələ də qlobal ClimateTech investisiyalarının kiçik hissəsini alır.

Hesabata görə, 2025-ci ildə Afrikada açıqlanan vençur kapitalı investisiyalarının təxminən 40 faizi ClimateTech sahəsinin payına düşüb. Bununla belə, son on ildə ayrılan vəsaitin 60 faizi cəmi 20 şirkət tərəfindən cəlb edilib.

İnvestisiyaların böyük hissəsi enerji sektoruna yönəlib. Keniya, Nigeriya və Cənubi Afrika isə ümumi ClimateTech maliyyəsinin dörddə üçündən çoxunu cəlb edən əsas ölkələr olub. Hesabatda erkən mərhələdə olan startaplar üçün maliyyə imkanlarının artırılmasının sektorun inkişafı üçün vacib olduğu vurğulanır.