Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO) və Yaponiya hökuməti Qlobal Cənub ölkələrində dayanıqlı və inklüziv sənaye inkişafını dəstəkləmək məqsədilə yeni texnologiya transferi proqramına start verib.

QHT.az xarici mediaya istinadən bildirir ki, proqramın rəsmi açılışı iyulun 29-da UNIDO-nun Tokiodakı İnvestisiya və Texnologiyaların Təşviqi Ofisində keçirilib. Tədbirdə Yaponiya hökumətinin nümayəndələri, UNIDO rəsmiləri, Yaponiya şirkətləri və proqramda iştirak edən ölkələrin təmsilçiləri iştirak ediblər.

Proqram çərçivəsində Yaponiyanın qabaqcıl texnologiyaları Antiqua və Barbuda, Barbados, Konqo Demokratik Respublikası, Hindistan və Cənubi Afrika Respublikasında yerli tərəfdaşlarla əməkdaşlıq əsasında tətbiq olunacaq. Məqsəd yerli sənayeni gücləndirmək, innovasiyanı təşviq etmək və davamlı biznes modellərinin yaradılmasına dəstək verməkdir.

UNIDO-nun Baş direktorunun müavini Fatou Haidara bildirib ki, Yaponiyanın innovativ texnologiyaları inklüziv iqtisadi artımın və dayanıqlı sənaye inkişafının təşviqində mühüm rol oynaya bilər. Proqramın Yaponiya şirkətləri ilə inkişaf etməkdə olan ölkələrin müəssisələri arasında əməkdaşlığı genişləndirəcəyi və yeni iqtisadi imkanlar yaradacağı gözlənilir.