Keniya hökuməti iqlim dəyişikliyi ilə mübarizəni gücləndirmək və beynəlxalq investisiyaları cəlb etmək məqsədilə karbon bazarının idarəetmə sistemini təkmilləşdirir. Məqsəd ölkənin 2050-ci ilə qədər karbon neytrallığına nail olmasını dəstəkləməkdir.

QHT.az xarici mediaya istinadən bildirir ki, yeni karbon büdcəsi çərçivəsi ölkənin iqlim öhdəliklərini investisiya və karbon ticarəti siyasəti ilə əlaqələndirəcək. Bununla həm istixana qazı emissiyalarının azaldılması, həm də yerli və xarici investorların iqlim layihələrinə marağının artırılması hədəflənir.

Keniya yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsinə (NDC) əsasən, 2030-cu ilədək istixana qazı emissiyalarını proqnozlaşdırılan səviyyə ilə müqayisədə 32 faiz azaltmağı öhdəsinə götürüb. Hökumət hesab edir ki, bu islahatlar əlavə iqlim maliyyəsinin cəlbinə və dayanıqlı inkişaf məqsədlərinə çatmağa töhfə verəcək.