Yay aylarında havaların həddindən artıq isti keçməsi uzun məsafə qət edən sürücülərin diqqətinə ciddi təsir göstərir. Mütəxəssislər isti hava şəraitində sükan arxasında olanlara mütəmadi su içməyi və fasilələrlə istirahət etməyi tövsiyə edirlər.
QHT.az xarici mediaya istinadən bildirir ki, Türkiyənin Namık Kemal Universitetinin Tibb Fakültəsinin Tibbi Təhsil kafedrasının müdiri, professor Burcu Tokuç bildirib ki, yüksək temperatur sürücülərdə həm fiziki, həm də psixoloji dəyişikliklərə səbəb olur. Onun sözlərinə görə, havanın isinməsi ilə orqanizmdə tərləmə və maye itkisi artır, bu isə ürək döyüntüsünün sürətlənməsinə, diqqətin zəifləməsinə və reaksiya vaxtının uzanmasına gətirib çıxara bilər.
Professor qeyd edib ki, aparılan eksperimental tədqiqatlar temperatur artdıqca təhlükəsiz sürücülük müddətinin də azaldığını göstərir. Belə ki, təxminən 30 dərəcə temperaturda təhlükəsiz sürücülük müddəti orta hesabla 80 dəqiqə olduğu halda, temperatur 40 dərəcəyə yaxınlaşdıqda bu müddət 53 dəqiqəyədək enir.
Mütəxəssis xüsusilə yay aylarında saat 14:00-17:00 aralığında daha ehtiyatlı olmağın vacibliyini vurğulayıb. O bildirib ki, bu saatlarda yüksək temperatur səbəbindən diqqət dağınıqlığı, yuxululuq və reflekslərin zəifləməsi yol-nəqliyyat hadisələrinin riskini artırır.
Burcu Tokuç uzun yola çıxan sürücülərə avtomobildə kondisionerdən düzgün istifadə etməyi, mütəmadi su qəbul etməyi və sərin yerlərdə istirahət fasilələri verməyi tövsiyə edib. Onun sözlərinə görə, hər iki saatdan bir 20-30 dəqiqəlik fasilə vermək, orqanizmin maye ehtiyacını ödəmək və kifayət qədər yuxu almaq təhlükəsiz səfər üçün mühüm şərtlərdir.






