BMT-nin İnkişaf Proqramı (UNDP) Moldovada qadınların iqlimə davamlı və enerji səmərəli ev təsərrüfatı əsaslı bizneslərini inkişaf etdirmək məqsədilə yeni dəstək proqramına başlayıb. Proqram çərçivəsində 160 qadına maliyyə və texniki dəstək göstəriləcək.

QHT.az xarici mediaya istinadən bildirir ki, təşəbbüs İsveç və Norveçin maliyyə dəstəyi ilə həyata keçirilən “Qadınların gücləndirilməsi vasitəsilə dayanıqlı icmalar” layihəsi çərçivəsində icra olunur. Seçilən iştirakçılar təsdiqlənmiş layihələrini həyata keçirmək üçün 6 min ABŞ dollarınadək dəstək alacaqlar. Benefisiarlar isə layihə dəyərinin ən azı 5 faizini özləri maliyyələşdirəcəklər.

Proqram 160 ev təsərrüfatı əsaslı layihəni, o cümlədən Dnestr çayının sol sahilində yerləşən icmalarda ən azı 20 layihəni əhatə edəcək. Dəstək bərpa olunan enerji, enerji səmərəli avadanlıqlar, iqlimə uyğun kənd təsərrüfatı, üzvi əkinçilik, arıçılıq, heyvandarlıq, akvakultura, aqromeşəçilik və ekoturizm kimi sahələri əhatə edəcək.

Proqramda layihənin tərəfdaşı olan 42 icmada yaşayan və gəlir gətirən ev təsərrüfatı fəaliyyəti ilə məşğul olan qadınlar iştirak edə bilərlər. Müraciətlərin qəbulu 25 avqust 2026-cı il tarixinədək davam edəcək.