"ABŞ ilə İran arasında bu günlərdə aparılan danışıqlarda Hörmüz boğazı ilə bağlı məsələ müzakirə olundu və müəyyən razılaşmaya gəlindiyi söylənilir. Yəni, 60 gün ərzində İran Hörmüz boğazını açmalıdır və boğazdan keçən gəmilərdən 60 gün ərzində heç bir haqq tələb etməməlidir".
Bu sözləri QHT.az-a açıqlamasında "Alyans" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Abutalıb Səmədov deyib. O vurğulayıb ki, bu razılaşma əldə olunduqdan sonra İranın nüvə proqramı ilə bağlı danışıqlar başlanmalıdır:
"Əsas iki məsələ bu dövlətlər arasında ciddi problemə çevrilib və tərəflərin bu məsələlər üzrə razılığa gəlmək ehtimalı o qədər də yüksək deyil. Hətta Hörmüz boğazı ilə bağlı aparılan danışıqları ABŞ etiraf etsə də, İran bunu inkar etdi. Bildirdi ki, biz Omanla danışıqlar aparmışıq. Əslində Oman burada həm də vasitəçi kimi iştirak edirdi. Çünki o da Hörmüz boğazı ilə gəlir götürmək istəyən dövlətlərdən biridir. Gələcəkdə bu məsələdə həm İranı, həm də ABŞ-ni qane edəcək yolun tapılacağı ciddi şübhə doğurur. Çünki İran və Oman Hörmüz boğazından keçid üçün olmasa da, hansısa xidmətlər qarşılığında haqq almaq istəyir".
A.Səmədovun sözlərinə görə, daha ağır məsələ İranın nüvə proqramı ilə bağlıdır və burada razılığa gəlmək ehtimalı daha çətin görünür. Çünki İran öz daxilində uranı zənginləşdirmək istəyir, buna isə ABŞ razı deyil:
"İkinci məsələ 400 kiloqramdan artıq 60 faiz zənginləşdirilmiş uranla bağlıdır. Burada da İran ABŞ ilə razılaşmaq istəmir. Çox güman ki, bu məsələlərdə hər iki tərəfi qane edəcək razılıq əldə olunmayacaq. Ya tərəflər hər iki tərəfi tam qane etməyən razılaşmanı öz qələbəsi kimi təqdim edəcək, ya da növbəti döyüşlərə hazırlaşmağa başlayacaqlar. Çünki səsləndirilən bəyanatlar göstərir ki, tərəflərin razılığa gəlməsi çox çətindir. Burada ən asan məsələ sanksiyaların götürülməsidir. Əgər iki məsələdə – Hörmüz boğazı və nüvə proqramı ilə bağlı razılığa gəlinsə, sanksiyalar tədricən götürüləcək və İranın həbs olunmuş aktivləri də azad ediləcək".
Fatimə Məmmədova






