Dünya Bankının "World Development Report 2026: The Promise of Artificial Intelligence" hesabatına görə, süni intellekt (AI) inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafını sürətləndirə bilər. Bunun üçün elektrik enerjisi, internet, rəqəmsal bacarıqlar və dövlət qurumlarının imkanlarının gücləndirilməsi vacib hesab olunur.

QHT.az xarici mediaya istinadən bildirir ki, hesabatda qeyd olunur ki, süni intellekt insanların işini əvəz etməkdən daha çox onların məhsuldarlığını artıracaq və səhiyyə, təhsil, kənd təsərrüfatı, dövlət idarəçiliyi və biznes sahələrində xidmətlərin keyfiyyətini yüksəldəcək.

Hesabata əsasən, aşağı və orta gəlirli ölkələrdə iş yerlərinin 4,5 faizi avtomatlaşdırıla bilər. Eyni zamanda, iş yerlərinin 16,2 faizində süni intellekt məhsuldarlığı artırmaq potensialına malikdir.

Dünya Bankı bildirir ki, inkişaf etməkdə olan ölkələrin bu texnologiyadan faydalanması üçün böyük AI sistemləri yaratmasına ehtiyac yoxdur. Mövcud və əlçatan AI həllərinin yerli ehtiyaclara uyğun tətbiqi kifayət edə bilər.

Hesabatda həmçinin vurğulanır ki, internet və enerji infrastrukturuna investisiyalar, rəqəmsal bacarıqların inkişafı və məlumatların təhlükəsizliyini təmin edən qaydaların hazırlanması süni intellektin faydalarının hər kəs üçün əlçatan olmasına kömək edəcək. Dünya Bankının fikrincə, düzgün strategiya ilə AI inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımı və ictimai xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.