One UI 9.5 yenilənir: Samsung Təqvim və Sağlamlıq tətbiqlərinə yeni funksiyalar gəlir
Samsung-un yeni One UI 9.5 interfeysi ilə Təqvim və Samsung Health tətbiqlərində bir sıra yeniliklərin tətbiqi gözlənilir. Sızdırılan görüntülərə əsasən, dəyişikliklər gündəlik istifadəni daha rahat və funksional etməyə yönəlib.
QHT.az xarici mediaya istinadən bildirir ki, One UI 9.5 yeniləməsində Təqvim tətbiqinin axtarış düyməsinin yeri dəyişdiriləcək. Hazırda ekranın yuxarı hissəsində yerləşən düymə sağ alt küncə köçürüləcək. Bununla yanaşı, aylıq təqvim görünüşündə günləri əhatə edən çərçivələr aradan qaldırılacaq. Bu dəyişikliklərin tətbiqin görünüşünü daha sadə və səliqəli edəcəyi gözlənilir.
Yeniliklər bununla məhdudlaşmır. Samsung Health tətbiqinə Mindful Note adlı gündəlik tutma funksiyasının əlavə ediləcəyi bildirilir. Yeni xüsusiyyət istifadəçilərə gündəlik qeydlər aparmaq imkanı yaradacaq.
Məlumata görə, One UI 9.5 interfeysinin Samsung Galaxy S27 seriyası ilə təqdim edilməsi gözlənilir. Yeniləmənin beta sınaqlarına isə 2026-cı ilin sonunadək başlanıla bilər.
Qeyd edək ki, sadalanan yeniliklər hələlik sızdırılan məlumatlara əsaslanır və Samsung tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.








