“QHT-lərin İnkişaf və Mübadilə Proqramı vətəndaş cəmiyyəti təşkilatlarının institusional potensialının gücləndirilməsi, bilik və bacarıqlarının artırılması, eləcə də QHT-lər arasında yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür proqramlar yalnız təlim və məlumat mübadiləsi platforması deyil, həm də təşkilatların öz fəaliyyətlərini qiymətləndirməsi, yeni yanaşmalar öyrənməsi və gələcək əməkdaşlıq imkanlarını müəyyənləşdirməsi üçün əlverişli mühit yaradır”.
Bu fikirləri QHT.az-a açıqlamasında Lənkəran şəhərində keçirilən “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı”nın iştirakçısı, “Doğru Yol” Milli Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin sədr müavini Xaliqə Məmmədova bildirib. Xaliqə Məmmədova qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən proqram QHT sektorunun inkişafına yönəlmiş faydalı təşəbbüslərdən biridir: “Proqramın əsas üstünlüklərindən biri müxtəlif istiqamətlərdə fəaliyyət göstərən QHT nümayəndələrini bir araya gətirməsi, onların qarşılıqlı təcrübə mübadiləsinə və yeni biliklər əldə etməsinə şərait yaratmasıdır.
Təlimlər zamanı layihələrin hazırlanması və idarə olunması, strateji planlaşdırma, hədəf qrupları ilə iş, tərəfdaşlıq münasibətlərinin qurulması, sosial media və rəqəmsal kommunikasiya kimi aktual mövzulara toxunulması xüsusilə əhəmiyyətli idi.
Hesab edirəm ki, bu biliklər QHT-lərin gündəlik fəaliyyətində, layihələrin daha səmərəli icrasında və ictimai faydalılığın artırılmasında praktik əhəmiyyət daşıyır. Burada əldə edilən məlumatların və təcrübənin təşkilatların gələcək fəaliyyətində tətbiq olunması proqramın ən mühüm nəticələrindən biri ola bilər”. “Proqramın ən dəyərli tərəflərindən biri yeni əlaqələrin qurulmasıdır” Xaliqə Məmmədovanın sözlərinə görə, belə proqramların əhəmiyyəti yalnız təlimlərin məzmunu ilə məhdudlaşmır: “QHT-lərin inkişafı üçün bilik və bacarıqlarla yanaşı, qarşılıqlı ünsiyyət və əməkdaşlıq da olduqca vacibdir. Müxtəlif bölgələrdən olan, fərqli sahələrdə çalışan QHT təmsilçilərinin bir araya gəlməsi onların bir-birinin təcrübəsini öyrənməsinə, ortaq problemləri müzakirə etməsinə və yeni təşəbbüslər ətrafında əməkdaşlıq imkanlarını dəyərləndirməsinə şərait yaradır. Düşünürəm ki, proqram çərçivəsində qurulan əlaqələrin gələcəkdə birgə layihələrə, regional əməkdaşlıq təşəbbüslərinə və daha geniş tərəfdaşlıq münasibətlərinə çevrilməsi mümkündür. Bu baxımdan İnkişaf və Mübadilə Proqramı QHT-lər arasında əlaqələrin möhkəmlənməsinə xidmət edən mühüm platformadır”.
Xaliqə Məmmədova proqramın təşkilinə və yaradılan şəraitə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edib: “QHT sektorunun inkişafına, təşkilatların peşəkarlığının artırılmasına və əməkdaşlıq mühitinin gücləndirilməsinə yönəlmiş belə təşəbbüsləri yüksək qiymətləndirirəm. Proqramın təşkilinə, iştirakçılar üçün yaradılan şəraitə, faydalı təlimlərə və səmimi müzakirə mühitinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, təşkilati işlərdə əməyi olan əməkdaşlara və təlimçilərə təşəkkürümü bildirirəm. İnanıram ki, bu proqram çərçivəsində əldə edilən biliklər, təcrübələr və qurulan əməkdaşlıq əlaqələri gələcəkdə QHT-lərin fəaliyyətində öz müsbət nəticəsini göstərəcək. Əsas məqsədimiz əldə etdiyimiz bilik və imkanları cəmiyyət üçün faydalı təşəbbüslərə çevirmək olmalıdır. Çünki QHT-lərin inkişafının ən mühüm göstəricisi onların cəmiyyətə verdiyi real töhfədir”.










