“Ölkədə müəyyən sahələrdə, xüsusilə peşə sahəsində aparılan islahatlar, Peşə Təhsil Agentliyinin, müxtəlif peşə təhsil müəssisələrin yaradılması peşə təhsilinə marağın artmasına gətirib çıxarır. Peşə təhsil müəssisələrinə qəbul ilə bağlı statistikaya diqqət etdikdə də görünür ki, bu sahədə 2020-ci ildə vəziyyət necə idi, hal- hazırda necədir.  Nəhayət ki, peşə təhsilinə maraq güclənir. Görün nə qədər gənc bu sahəyə maraq göstərir”.

Bu sözləri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə QHT.az- a açıqlamasında bildirib.

QHT sədri qeyd edib ki, Azərbaycan turizm ölkəsi hesab edilir, amma bu sahə üzrə mütəxəssislərin olmaması xidmət sahəsini zəifədir: “Artıq bu sahə üzrə, həmçinin dərzilik, dizayner, neft sahəsi üzrə peşə sahələri mövcuddur, öyrədilir. Bu da gələcəkdə peşəkar insanları bu sahələrdə çalışması tədricən qeyri-peşəkarları əvəz etməsinə, xidmət sahələrinin yaxşılaşmasına gətirib çıxaracaq. Biri var kiminsə yanında öyrənəsən, biri də var bunun əlifbasını öyrənəsən. Nəzəriyyəni öyrənir, praktika keçdikdən sonra işləməyə başlayır. Ona görə də ölkəmizdə peşə təhsil sahəsində vacib islahatlar həyata keçirilməkdədir. Biz də dövlətin həyata keçirdiyi islahatlara dəstək olmalıyıq”.

Ölkəyə lazım olan peşə sahiblərinin hazırlamasının vacib olduğunu vurğulayan Məleykə Əlizadə heç də hamının iqtisadçı, həkim, müəllim, mühəndis ola bilməyəcəyini qeyd edib: “Ona görə də peşə təhsili sahəsində güclü islahatların olması labüd və lazımdır. Ölkədə hal- hazırda prioritet məsələlərdən biri peşə təhsil müəssisələrinin yaradılması və inkişaf etdirilməsi, müxtəlif sahələr üzrə mütəxəssislər yetişdirməkdir. Dövlət bu sahədə addımlar atır. Gələcəkdə bu sahədə uğurlu nəticələrin olacağına inanırıq”.
 

 

Pərvanə Fərhadqızı