Meta beyin siqnallarından real vaxt rejimində mətn yarada bilən yeni beyin-kompüter interfeysi Brain2Qwerty v2 sistemini təqdim edib. Qeyri-invaziv üsulla çalışan texnologiya gələcəkdə xüsusilə nitq qabiliyyətini itirmiş insanlar üçün ümidverici yenilik hesab olunur.
QHT.az xarici mediaya istinadən bildirir ki, sistem beyin fəaliyyətinin yaratdığı maqnit sahələrini ölçən maqnitoensefaloqrafiya (MEG) texnologiyasından istifadə edir və cərrahi implant tələb etmir. Araşdırma çərçivəsində 9 könüllünün yazı yazarkən qeydə alınmış təxminən 22 min cümləlik beyin siqnalı məlumatı süni intellekt modelləri vasitəsilə təhlil edilib.
Sınaqlar zamanı sistem orta hesabla sözlərin 61 faizini düzgün tanıyıb. Ən uğurlu iştirakçıda isə bu göstərici 78 faizə çatıb. Test edilən cümlələrin yarıdan çoxu maksimum bir söz xətası ilə bərpa olunub.
Yeni Brain2Qwerty v2 əvvəlki versiyadan fərqli olaraq simvol əsaslı deyil, birbaşa söz və məna səviyyəsində proqnoz verməyi bacarır. Meta bildirir ki, daha çox təlim məlumatı ilə sistemin dəqiqliyini gələcəkdə daha da artırmaq mümkündür.
Tədqiqatın nəticələri Nature Neuroscience jurnalında dərc olunub. Mütəxəssislər bunu qeyri-invaziv beyin-kompüter interfeysləri sahəsində mühüm irəliləyiş kimi qiymətləndirirlər. Şirkətin fikrincə, texnologiya gələcəkdə beyin zədəsi, insult və digər nevroloji xəstəliklər səbəbindən danışmaq və ünsiyyət qurmaqda çətinlik çəkən insanların həyatını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər.






