Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi tərəfindən həyata keçirilən “Məktəb-Valideyn Tərəfdaşlığı” İnkişaf Platforması layihəsi çərçivəsində 30 oktyabr 2026-cı il tarixində Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova, Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin sədri Murad Ağalarov, məktəbin rəhbər heyəti, müəllimlər və valideynlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ruhiyyə İbrahimova məktəb-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsində və fərdi inkişafında mühüm əhəmiyyət daşıdığını bildirib. O, valideynlərin təhsil prosesində fəal iştirakının, müəllimlərlə davamlı ünsiyyət qurmasının və qarşılıqlı etimad mühitinin yaradılmasının məktəb həyatına müsbət təsir göstərdiyini vurğulayıb.

Daha sonra Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin sədri Murad Ağalarov çıxış edərək layihənin məqsədi, əsas fəaliyyət istiqamətləri və gözlənilən nəticələri haqqında məlumat verib. O qeyd edib ki, məktəb və ailə arasında effektiv tərəfdaşlığın qurulması uşaqların təkcə akademik göstəricilərinə deyil, həm də sosial bacarıqlarının, mənəvi dəyərlərinin və şəxsiyyət kimi formalaşmasının inkişafına xidmət edir. Həmçinin müəllim və valideynlərin ortaq məqsəd ətrafında birləşməsinin, uşaqların inkişafı ilə bağlı məsələlərdə birgə məsuliyyət daşımasının vacibliyini diqqətə çatdırıb.

Tədbirin davamında təlimçilər tərəfindən məktəb-valideyn münasibətlərinin müxtəlif istiqamətlərini əhatə edən təqdimatlar keçirilib.

Təlimçi Aysel Nağıyeva “Effektiv ünsiyyət zənciri: Müəllim-valideyn tərəfdaşlığı” mövzusunda çıxışında müəllim və valideynlər arasında sağlam ünsiyyətin formalaşdırılması, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və meydana çıxan problemlərin konstruktiv dialoq əsasında həlli yollarından bəhs edib.

Təlimçi Aynur İskəndərova “Ortaq qərar, ortaq məsuliyyət: Tərəfdaşlıqda müəllim-valideyn rolları” mövzusunda təqdimatında uşaqların təhsil və tərbiyəsində müəllim və valideynlərin üzərinə düşən məsuliyyəti, birgə qərarvermənin əhəmiyyətini və tərəfdaşlığın praktik mexanizmlərini izah edib.

Təlimçi Ceyhun Qəşəm isə “Uşaqlarımızın dünyasını kim formalaşdırır? Ailə-Məktəb-Sosial media” mövzusunda çıxış edərək uşaqların dünyagörüşünün formalaşmasında ailənin, məktəbin və sosial medianın təsirindən, rəqəmsal mühitin uşaqların inkişafına təsirindən, eləcə də bu istiqamətdə valideyn-məktəb əməkdaşlığının rolundan danışıb.

Tədbir zamanı iştirakçılar məktəb və ailə arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, valideynlərin təhsil prosesində iştirakının genişləndirilməsi və uşaqların hərtərəfli inkişafını dəstəkləyən sağlam ünsiyyət mühitinin yaradılması ilə bağlı fikir və təcrübələrini bölüşüblər.

Qeyd edək ki, “Məktəb-Valideyn Tərəfdaşlığı” İnkişaf Platforması layihəsinin əsas məqsədi məktəb və ailə arasında əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, valideynlərin maarifləndirilməsini təmin etmək, müəllim-valideyn ünsiyyətini təkmilləşdirmək və uşaqların hərtərəfli inkişafına dəstək olmaqdır.

Layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi tərəfindən həyata keçirilir.