Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Şəkidə vətəndaş qəbulu keçirib.
Qəbulda Şəki və Qax rayonlarından olan 30-a yaxın imtiyazlı şəxs iştirak edib. Vətəndaşlar Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müraciətlərini bildiriblər.
Müraciətlər mənzil və avtomobillə, sanatoriya-kurort yollayışları ilə, reabilitasiya vasitələri ilə təminat, eləcə də digər sosial məsələləri əhatə edib. Hər bir müraciət qeydiyyata alınaraq araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, Agentliyin fəaliyyət istiqamətlərinə aid sosial məsələlərlə bağlı müraciəti olan hər bir vətəndaş qəbullarda iştirak edə bilər.
Qəbula yazılmaq üçün (012) 525-41-30 (daxili: 5625, 5614) nömrəsinə zəng etmək, [email protected] elektron poçt ünvanına məktub göndərmək, Agentliyin yerli filiallarına yaxınlaşmaq və ya sosial şəbəkə hesabları vasitəsilə müraciət etmək mümkündür.












