Pəhriz saxlamağa və müntəzəm idmanla məşğul olmağa baxmayaraq çəkidə dəyişiklik müşahidə edilməməsinin müxtəlif səbəbləri ola bilər. Mütəxəssislər bildirirlər ki, qidalanma vərdişləri və həyat tərzindəki bəzi amillər bu prosesə təsir göstərə bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, Türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis, həkim Ali Kaya çəki azalmasını çətinləşdirən amillər barədə danışıb.
Onun sözlərinə görə, pəhriz və fiziki aktivliyə baxmayaraq çəkinin azalmamasının mümkün səbəblərindən biri insanın fərqinə varmadan qəbul etdiyi qida miqdarının artmasıdır. Porsiyalara diqqət yetirməmək, ara yeməkləri və qəlyanaltıları nəzərə almamaq, eləcə də həftəsonları qidalanma vərdişlərinin dəyişməsi ümumi enerji balansına təsir edə bilər.
Metabolizmanın sürətini ölçmək mümkündür
Həkim metabolizmanın həqiqətən yavaş işləyib-işləmədiyini müəyyənləşdirmək üçün dolayı kalorimetriya testindən istifadə oluna biləcəyini bildirib.
Bu müayinə zamanı insanın sakit vəziyyətdə qəbul etdiyi oksigenin və xaric etdiyi karbon qazının miqdarı ölçülür. Əldə olunan nəticələr əsasında orqanizmin istirahət zamanı sərf etdiyi enerji hesablanır və yaş, cins və bədən quruluşuna uyğun göstəricilərlə müqayisə edilir.
Ali Kayanın sözlərinə görə, ölçülən göstəricinin gözlənilən səviyyədən 10 faizdən çox aşağı olması metabolizmanın yavaşlaması ehtimalını düşündürə bilər.
Bununla belə, çəkinin dəyişməməsi yalnız metabolizmanın yavaşlaması ilə əlaqəli deyil. Müxtəlif sağlamlıq vəziyyətləri, qəbul edilən dərmanlar, yuxu rejimi və digər amillər də çəkiyə təsir göstərə bilər.












