ABŞ hökuməti milli təhlükəsizlik və telefon dələduzluğunun qarşısının alınması məqsədilə Çin telekommunikasiya şirkətlərinin Amerika telefon nömrələrinə birbaşa çıxışını qadağan etməyi planlaşdırır.

QHT.az xarici mediaya istinadən bildirir ki, Reuters agentliyinin məlumatına görə, ABŞ Federal Rabitə Komissiyası (FCC) noyabrın 19-da China Mobile, China Telecom və China Unicom şirkətlərinə, eləcə də internet üzərindən rabitə xidmətləri göstərən digər operatorlara məhdudiyyətlərin tətbiqini səsverməyə çıxaracaq.

FCC sədri Brendan Karr bildirib ki, bu qərar qanunsuz avtomatik zənglərin və telefon dələduzluğunun qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirəcək.

Komissiya həmçinin milli təhlükəsizlik üçün riskli hesab edilən Huawei və ZTE şirkətlərinin avadanlıqlarından istifadə edən rabitə operatorlarına əlavə qadağalar tətbiq etməyi nəzərdən keçirir. Bundan başqa, 2028-ci ilin dekabrından etibarən Çin laboratoriyalarının ABŞ elektron avadanlıqlarını sınaqdan keçirməsinin qadağan olunması planlaşdırılır.

Qeyd edək ki, ABŞ daha əvvəl China Mobile, China Telecom və China Unicom şirkətlərinin ölkəyə beynəlxalq telekommunikasiya xidmətləri göstərməsini qadağan edib. Hazırda həmin şirkətlərin ABŞ rabitə şəbəkələrinə qoşulmasının və ölkədə məlumat mərkəzləri işlətməsinin məhdudlaşdırılması da müzakirə olunur.

Vaşinqtonun narahatlığı Çin tərəfindən mümkün kibercasusluq təhlükələri ilə bağlıdır. ABŞ rəsmilərinin məlumatına görə, 2024-cü ildə Çin dövləti ilə əlaqələndirilən Salt Typhoon adlı kibercasusluq qrupu Amerika telekommunikasiya sistemlərinə sızaraq istifadəçilərin zəng məlumatlarını ələ keçirib.