Samsung-un gələn ilin əvvəlində təqdim edəcəyi gözlənilən Galaxy S27 smartfonunun şarj xüsusiyyətləri bəlli olub.

QHT.az xarici mediaya istinadən bildirir ki, UL Solutions (Demko) tərəfindən yayımlanan sertifikat sənədlərinə əsasən, yeni model 25 Vt naqilli şarj dəstəyinə sahib olacaq. Sənədlərdə göstərilən 9 volt və 2,77 amper göstəriciləri təxminən 24,9 Vt gücə uyğun gəlir.

Sertifikatlarda cihazın adı birbaşa Galaxy S27 kimi göstərilməsə də, SM-S952 model nömrəsinin yeni seriyanın standart versiyasına aid olduğu ehtimal edilir.

Sənədlərdə ABŞ, Kanada, Çin, Yaponiya, Avropa və digər beynəlxalq bazarlar üçün nəzərdə tutulan model nömrələri də yer alıb.

Beləliklə, ilkin məlumatlara görə, Samsung Galaxy S27-nin standart modelində şarj sürətini artırmayacaq. Şirkət isə smartfonun texniki göstəriciləri ilə bağlı hələlik rəsmi açıqlama verməyib.