“Sağlam Mühit” gənclərin inkişafına kömək ictimai birliyinin təşkilatçılığı ilə hazırlanmış “Xəzər dənizi dayazlaşır: səbəblər, nəticələr və proqnozlar” adlı analitik araşdırmada problemin əsas səbəbləri və mümkün gələcək ssenariləri nəzərdən keçirilib. Araşdırmanın müəllifi ictimai birliyin üzvü Yunis Mirzəzadədir.

Araşdırmada elmi nəşrlərin və beynəlxalq təşkilatların nəticələri ümumiləşdirilərək Xəzərdə baş verən dəyişikliklər sadə və anlaşıqlı dildə izah olunur.

Xəzərin səviyyəsi niyə azalır?

Araşdırmaya əsasən, Xəzər dənizinin dayazlaşmasına təsir göstərən əsas amillər qlobal istiləşmə nəticəsində buxarlanmanın artması, dənizə tökülən çayların axınında baş verən dəyişikliklər və insan fəaliyyətidir.

Xəzərə daxil olan çay sularının təxminən 80 faizinin Volqanın payına düşməsi bu çayın hövzəsindəki hidroloji dəyişiklikləri xüsusilə əhəmiyyətli edir. Bununla yanaşı, suvarma və sənaye məqsədilə su götürülməsi, bəndlər və su anbarları vasitəsilə axının tənzimlənməsi də dənizin su balansına təsir göstərə bilər.

Tarixi məlumatlar Xəzərin səviyyəsinin əvvəllər də kəskin dəyişdiyini göstərsə də, hazırkı enmənin iqlim dəyişiklikləri və insan fəaliyyətinin birgə təsiri fonunda baş verməsi xüsusi narahatlıq doğurur.

Azərbaycan üçün hansı təhlükələr mövcuddur?

Araşdırmada qeyd olunur ki, 1996–2023-cü illərdə Xəzərin səviyyəsi təxminən 2 metr azalıb və Azərbaycanın təxminən  38 000 hektar sahilyanı ərazisi sudan çıxıb.

Dənizin geri çəkilməsi dayaz su sahələrinin, laqunların və bataqlıq-sulu ərazilərin qurumasına səbəb olur. Bu proses balıqların və quşların qidalanma və çoxalma mühitlərini daraldır, Xəzər suitisi və nərəkimilər kimi həssas növlərin yaşayış şəraitinə mənfi təsir göstərir.

Digər mühüm risk nəqliyyat və logistika ilə bağlıdır. Dənizin dayazlaşması limanlara yaxınlaşma yollarında çətinliklər yaradır, gəmilərin yükdaşıma imkanlarını məhdudlaşdıra və dəniz dibinin dərinləşdirilməsi xərclərini artıra bilər. Bu məsələ Azərbaycanın Transxəzər nəqliyyat dəhlizindəki mövqeyi baxımından xüsusi əhəmiyyət daşıyır.

Sahilboyu çimərliklər və istirahət zonalarının sudan uzaqlaşması, balıqçılıq fəaliyyətinə təsirlər, eləcə də neft-qaz infrastrukturunun istismar xərclərinin artması da araşdırmada diqqət çəkən məqamlardandır.

2100-cü ilədək Xəzəri nə gözləyir?

Araşdırmada istinad edilən, 15 iqlim modelinə əsaslanan 2023-cü il tədqiqatına görə, istixana qazı emissiyalarının orta ssenarisində Xəzərin səviyyəsi 2100-cü ilədək təxminən 8 metr, yüksək emissiya ssenarisində isə 14 metr azala bilər.

Bu rəqəmlər qəti proqnoz deyil, iqlim modellərinə və emissiya ssenarilərinə əsaslanan mümkün inkişaf variantlarıdır. Bununla belə, Şimali Xəzərin orta dərinliyinin cəmi 5–6 metr olması səviyyənin əhəmiyyətli dərəcədə azalmasının həmin hövzədə geniş ərazilərin qurumasına səbəb ola biləcəyini göstərir.

Araşdırmada, həmçinin, su səviyyəsinin 5–10 metr azalmasının bir sıra ekosistemlərin hazırkı sahəsinin 80 faizdən çox kiçilməsinə gətirib çıxara biləcəyi barədə 2025-ci ildə dərc olunmuş elmi tədqiqatın nəticələrinə diqqət çəkilir.

Problemin həlli üçün regional əməkdaşlıq vacibdir

Araşdırmanın müəllifi problemin yalnız bir ölkənin səyləri ilə həll edilə bilməyəcəyini vurğulayan elmi yanaşmaları ön plana çıxarır. Xəzərin gələcəyi onun sahilində yerləşən Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın əlaqələndirilmiş fəaliyyətindən asılıdır.

Təklif olunan əsas istiqamətlər dənizin səviyyəsinin və çay axınlarının müntəzəm monitorinqi, su ehtiyatlarından səmərəli istifadə, həssas ekosistemlərin qorunması, elmi məlumat mübadiləsinin gücləndirilməsi və sahilyanı infrastrukturun gələcək dəyişikliklərə uyğunlaşdırılmasıdır.

Araşdırmada 2024-cü ildə Bakıda keçirilmiş COP29 çərçivəsində Xəzəryanı dövlətlərin su səviyyəsinin azalmasının səbəblərini araşdırmaq və cavab tədbirləri hazırlamaq məqsədilə birgə işçi qrupu yaratmaq niyyətlərinə də istinad olunur.

Araşdırmanın əsas mesajı

“Xəzər dənizi dayazlaşır: səbəblər, nəticələr və proqnozlar” analitik işi Xəzərdəki dəyişikliklərin uzaq gələcəyin problemi olmadığını, onların artıq sahil coğrafiyasına, iqtisadi fəaliyyətə və təbii ekosistemlərə təsir göstərdiyini diqqətə çatdırır.

Araşdırmanın əsas məqsədi elmi məlumatları geniş ictimaiyyət üçün anlaşıqlı formada təqdim etmək, Xəzərin dayazlaşması ilə bağlı məlumatlılığı artırmaq və problemin həllində elmi əsaslandırılmış qərarların, uzunmüddətli planlaşdırmanın və regional əməkdaşlığın əhəmiyyətini vurğulamaqdır.

“Sağlam mühit” gənclərin inkişafına kömək İctimai birliyinin sədri Babayev R.S.