İngiltərədə aparılan araşdırma meyvə və tərəvəzlərin adətən tullantı kimi atılan qabıq, sap və toxumlarının əhəmiyyətli lif mənbəyi olduğunu ortaya qoyub.

QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırmaya görə, böyüklərin əksəriyyəti gündəlik kifayət qədər lif qəbul etmir. Rəsmi göstəricilər insanların yalnız 4 faizinin tövsiyə olunan gündəlik 30 qram lif normasını qarşıladığını göstərir.

Lif həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, uzun müddət toxluq hissi yaradır, həmçinin ürək xəstəlikləri və bağırsaq xərçəngi riskinin azalması ilə əlaqələndirilir.

London Kral Kollecinin alimləri çuğundur, bibər, brokoli, balqabaq, gül kələmi, kərəviz, kivi, pırasa, ananas və qarpız da daxil olmaqla 12 müxtəlif qida məhsulunu araşdırıblar.

Nəticələr göstərib ki, bəzi meyvə və tərəvəzlərin atılan hissələri yeyilən hissələrindən daha çox lif ehtiva edir. Məsələn, 100 qram qarpız qabığında 2,10 qram lif olduğu müəyyən edilib. Balqabaq qabığı və toxumlarının 100 qramında isə 9,25 qram lif aşkarlanıb.

Araşdırmada həmçinin kivinin qabığı ilə yeyilməsinin qabıqsız yeyilməsi ilə müqayisədə 50 faiz daha çox lif təmin etdiyi bildirilib.

Layihənin rəhbəri doktor Reyçel Gibson insanların əhəmiyyətli miqdarda lifi tullantı kimi atdıqlarını vurğulayıb. Onun sözlərinə görə, bu, həm qidalanma, həm də maliyyə baxımından itkidir.

Qeyd: Meyvə və tərəvəz qabıqlarını istehlak etməzdən əvvəl onları yaxşı yumaq, yalnız yeyilməsi təhlükəsiz olan hissələrdən istifadə etmək vacibdir.